AnalitikaGündəmSosial

Azərbaycan mətbuatı milli dəyərlərin qorunması və təbliği istiqamətində mühüm rol oynayır

Azərbaycan jurnalistikasının formalaşması və inkişafı tarixində 22 iyul xüsusi yer tutur. Məhz bu tarixdə 1875-ci il iyulun 22-də böyük maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrinə başlanıldı. Bu mühüm hadisə ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşr olunan bu qəzet təkcə ilk milli qəzet olmaqla kifayətlənmədi, eyni zamanda xalqın maariflənməsi, milli oyanış və mədəni inkişaf yolunda önəmli bir tribunaya çevrildi.

Bu gün Azərbaycan jurnalistikası təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də informasiya mübarizəsində ön cəbhədə yer alır. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində çalışan jurnalistlər bir daha sübut etdilər ki, peşəkarlıqla, dəqiqliklə və vətənpərvərlik ruhunda yazılmış hər bir xəbər, reportaj cəbhədəki əsgərin silahı qədər təsirli ola bilər. Həmin dövrdə şəhid olan jurnalistlərimizin xatirəsi isə daim ehtiramla anılır.

Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyidir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncam imzalanmışdır. Bu Sərəncam eyni zamanda Milli Mətbuatımıza verilən dövlət dəstəyinin bariz nümunəsidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button