
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat və energetika sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də regional sülh və təhlükəsizliyin təmin olunması məsələlərinə toxunub.
Prezident İlham Əliyev çıxışında Azərbaycanı görüşə dəvət etdiyinə və göstərilən qonaqpərvərliyə görə Türkmənistan rəhbərliyinə təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatının tamhüquqlu iştirakçısına çevrilib. Bu qərar Azərbaycanın region ölkələri ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu və ölkəmizin regional əməkdaşlıq sistemində mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın artırılması və ortaq maraqlara əsaslanan layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyev bu tarixi qərara görə həmkarlarına təşəkkür edərək Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü xüsusi vurğulayıb.
Dövlət başçısının çıxışında iqtisadi-ticari əməkdaşlıq mühüm yer tutub. Prezident İlham Əliyev bildirib ki, son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr genişlənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin kapitalı ilə Azərbaycanda 400-dən çox şirkət fəaliyyət göstərir.
Prezident İlham Əliyev əməkdaşlığın yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmamasının vacibliyini qeyd edib. O, birgə investisiyaların yatırılması, yeni istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyasının gücləndirilməsi və birgə istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxarılmasının əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının imkanlarından daha səmərəli istifadə olunması bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi yer tutub. Dövlət başçısı Xəzər dənizinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafında getdikcə daha mühüm rol oynadığını bildirib. Dəniz limanlarının, hava limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına yatırılan sərmayələr regionun tranzit imkanlarını genişləndirir.
Prezident İlham Əliyev energetika sahəsinin Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit rolunu qeyd edən dövlət başçısı Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəqlinin həcminin artdığını bildirib.
Eyni zamanda, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətə çatdırılıb. Azərbaycanın Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində həyata keçirdiyi işlər regionun enerji potensialının daha səmərəli istifadəsinə imkan verir. Bu əməkdaşlıq enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, yeni enerji marşrutlarının inkişafı və ekoloji cəhətdən dayanıqlı gələcəyin qurulması baxımından böyük perspektivlər vəd edir.
Dövlət başçısı çıxışında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinə də toxunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərilən dəstək xüsusi qeyd olunub. Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisi, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi xalqlarımız arasında dostluğun və həmrəyliyin bariz nümunələridir.
Prezident İlham Əliyev çıxışının sonunda regional əməkdaşlığın geosiyasi əhəmiyyətinin yalnız iqtisadiyyat, nəqliyyat və energetika layihələri ilə məhdudlaşmadığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əldə olunmuş nailiyyətlərin əsasını təşkil edir. Bu amillər Azərbaycan və Mərkəzi Asiya ölkələrinin gələcək inkişafı, qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün mühüm şərtlərdir.
Görüş çərçivəsində Azərbaycanın 2027-ci ildə bu Məşvərət formatına ilk dəfə sədrlik etməsi də diqqətəlayiq hadisə olub. Bu, ölkəmizin regional əməkdaşlığın inkişafına daha fəal töhfə verməsi, ortaq təşəbbüslərin irəli sürülməsi və dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi baxımından yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin regional əməkdaşlığa verdiyi önəmi və strateji baxışını nümayiş etdirib. Çıxışda iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, investisiya əməkdaşlığının gücləndirilməsi, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi və yaşıl enerji layihələri əsas istiqamətlər kimi ön plana çəkilib.
Bu görüş bir daha göstərib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı etimada, dostluğa və ortaq maraqlara əsaslanan əməkdaşlıq böyük inkişaf potensialına malikdir. Azərbaycanın regional nəqliyyat, enerji və iqtisadi əlaqələrdə artan rolu, eləcə də 2027-ci ildə Məşvərət formatına sədrliyi ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və regionda davamlı inkişafın təşviqinə mühüm töhfə verəcək.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi



