
Türkmənbaşıda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü Azərbaycanın regionla münasibətlərində formalaşan yeni mərhələnin aydın mənzərəsini ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan artıq Mərkəzi Asiya ilə əlaqələrini yalnız siyasi dialoq müstəvisində deyil, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq kimi geniş istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində qurur.
Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə sürətlə inkişaf etməsi, ötən ildən bəri ən yüksək səviyyədə beş qarşılıqlı səfərin baş tutması əlaqələrin dinamikliyini göstərir. Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın real iqtisadi nəticələri də göz önündədir. Ötən il region ölkələri ilə ticarət dövriyyəsinin artması və Azərbaycanda Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə yuzlərlə şirkətin fəaliyyət göstərməsi əlaqələrin dərinləşdiyini göstərir. Lakin qarşıdakı mərhələnin hədəfi yalnız ticarəti artırmaq deyil. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının imkanlarından istifadə etməklə istehsal müəssisələrinin qurulması, birgə investisiyaların artırılması və xarici bazarlara birlikdə çıxış daha böyük iqtisadi imkanlar yarada bilər. Azərbaycan son illərdə limanlara, dəmir yollarına, avtomobil yollarına və hava limanlarına yatırdığı sərmayələrlə Mərkəzi Asiyanı Avropa bazarlarına bağlayan mühüm nəqliyyat qovşağına çevrilib. Orta Dəhliz üzrə yükdaşımaların artması onun artıq gələcəyin deyil, bu günün işlək və genişlənən marşrutu olduğunu göstərir. “Rəqəmsal İpək Yolu” çərçivəsində Xəzərin dibi ilə fiber-optik xətlərin yaradılması isə bu əməkdaşlığa rəqəmsal ölçü qazandırır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı isə münasibətlərə xüsusi mənəvi məna verir.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq yeni keyfiyyət mərhələsinə keçdiyini görürük. Xəzər üzərindən uzanan nəqliyyat yolları, böyüyən ticarət və investisiyalar, enerji və rəqəmsal layihələr, Qarabağın bərpasında nümayiş etdirilən qardaş dəstəyi vahid strateji xəttin müxtəlif istiqamətləridir. Azərbaycan bu xəttin mühüm halqasıdır. Ölkəmiz Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat və enerji məkanının formalaşmasında fəal rol oynamaqla yanaşı, ortaq tarix və mədəniyyətə söykənən daha sıx regional əməkdaşlığın da təşəbbüskarlarından birinə çevrilir.
Azərbaycan artıq sadəcə logistik körpü deyil, həm də əlavə dəyər yaradan və bu dəyəri idarə edən mərkəzə çevrilir.
Maya Qənbərova,
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi



