Azərbaycan mədəniyyət və incəsənət sahəsində Heydər Əliyevin əvəzsiz rolu
Ümummilli Liderimiz Heydər Əliyev incəsənət və mədəniyyətin inkişaf proseslərinin istedadlı təşkilatçısı, incəsənət xadimlərinin yaxın dostu, yüksək zövqlü məsləhətçisi, həm də Vətəndən kənarda Azərbaycan incəsənətinin ən fəal təbliğatçısı idi. Heç kəs inkar edə bilməz ki, 1960-cı illərin sonu – 1980-ci illərin əvvəli Azərbaycan bədii mədəniyyətinin, bütün incəsənət növlərinin inkişafında yüksəliş dövrü olub. Bu dövrü sözün tam və əsl mənasında Azərbaycan incəsənətinin intibahı adlandırmaq olar. Məhz bu illərdə memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr və kino sahəsində milli bədii məktəblər təşəkkül tapıb, mühüm incəsənət əsərləri yaradılıb, bütün bu sahələri əhatə edən milli bədii təhsil sistemi bərqərar olub, Azərbaycan incəsənətinin parlaq nailiyyətləri dünyanın bir çox ölkələrində yüksək peşəkar səviyyədə təmsil olunub. Həmin dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyin böyük uzaqgörənliklə həll etmişdi. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bugünkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdı.
Ötən əsrin 70-90-cı illərində Bakıda və Azərbaycanın digər şəhərlərində Vətənimizin dövlət, mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra gözəl heykəltaraşlıq abidələri ucaldılıb. Onların əksəriyyəti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdı. İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Səməd Vurğun, Mehdi Hüseynzadə, Hüseyn Cavid və başqalarının şərəfinə ucaldılmış heykəllər buna gözəl nümunələrdir. Monumental incəsənətlə yanaşı, Ulu Öndər Heydər Əliyev incəsənətin inkişafını istiqamətləndirən direktiv sənədlərdə, çıxışlarında, bədii ictimaiyyətin nümayəndələri ilə görüşlərində təsviri sənətə və klassik bədii irsimizə, miniatür sənətinə də həmişə böyük diqqət yetirirdi. Onun təsviri sənət haqqında söylədiyi fikirlər, ayrı-ayrı sənət ustalarının ünvanına göndərdiyi məktublar müasir estetik fikrimizin mühüm sənədləri və XX əsr Azərbaycan incəsənəti tarixinin öyrənilməsi üçün dəyərli mənbələr kimi əhəmiyyətə malikdir.
Bu gün tam cəsarətlə və qətiyyətlə demək olar ki, Azərbaycan mədəniyyətinin yüksəlişi, onun dirçəlişi, zənginləşməsi geniş miqyasda təbliği və bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həqiqətdir ki, Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların yaratdığı ölməz əsərlər tariximizin heçbir mərhələsində Heydər Əliyev zamanında olduğu qədər yüksək qiymətləndirilməyib.
Heydər Əliyevin həyat epopeyası əsrin mübarizəsində qalib çıxmış epopeyadır. Onun irsi vətənə xidmət sevgisi duyğuları ilə yaşayan hər bir insan üçün dərin idrak mənbəyidi. Bu mənbə isə layiqli hər bir vətəndaş üçün daim qiymətli və əzizdir. Mədəniyyətimizin milli, mənəvi dəyərlərimizin və mədəni incilərimizin yaşadılması və qorunması bugün möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkə prezidenti tərəfindən mədəniyyətimizin inkişafı ilə bağlı 150-dən artıq fərman və sərəncamın imzalanması bu sahəyə dövlət başçısının ali diqqətinin ideal bir nümunəsidir. Möhtərəm prezidentimizin çox böyük diqqəti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və incəsənəti öz intibahının yüksək mərhələsini yaşamaqdadır. Mədəni incilərimizin dünyanın irs siyahısına salınması, tanıdılması və təbliğ olunması istiqamətində əsaslı qlobal layihələr həyata keçirilməkdədir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı