AnalitikaGündəmSiyasət

Azərbaycan–Macarıstan strateji tərəfdaşlığında yeni səhifə açılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi və yeni əməkdaşlıq sahələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində Cənab Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşlər və mətbuata verdikləri bəyanatlar, əlaqələrin gələcək istiqamətləri barədə ətraflı məlumat təqdim edir. İlham Əliyev səfər zamanı Macarıstanın Azərbaycan üçün yaxın və dost bir ölkə olduğunu vurğulayb. 2014-cü ildə Macarıstana etdiyi səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərdiyini qeyd edib. 2023-cü ilin yanvarında Budapeştdə imzalanan yeni birgə bəyannamə ilə tərəfdaşlıq daha da gücləndirildi. Bu sənəd, enerji, mədəniyyət, turizm, ərzaq təhlükəsizliyi, miqrasiya və kosmos sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. İlham Əliyev, enerji məsələlərinin gündəmin ön sıralarında olduğunu və bu sahədə imzalanan mühüm sənədin, qaz təchizatının başlanması üçün ilkin addım olduğunu bildirdi. Macarıstanın enerji sahəsindəki təcrübəsindən faydalanmaq istədiklərini vurğuladı. Bundan əlavə, Azərbaycan və Macarıstan arasında ticarət əlaqələrinin inkişafı, xüsusilə kənd təsərrüfatı və yüksək texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Macarıstanın Azərbaycanda həyata keçirilən infrastruktur və kənd təsərrüfatı layihələrində iştirakının əhəmiyyəti qeyd edildi. İlham Əliyev, Macarıstanın Azərbaycanda təhsil sahəsindəki dəstəyini yüksək qiymətləndirdi. Hazırda 200-dən çox azərbaycanlı tələbə Macarıstanda təhsil alır. Gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır. İlham Əliyev, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin siyasi, iqtisadi və geosiyasi baxımdan vahid bir məkan təşkil etdiyini qeyd edərək, bu regionlar arasında iqtisadi inteqrasiyanın daha da dərinləşdirildiyini bildirdi. Yeni əməkdaşlıq layihələri və platformaların inkişaf etdirildiyini vurğuladı. Azərbaycan və Macarıstanın Türk Dövlətləri Təşkilatı daxilindəki əməkdaşlığının əhəmiyyəti qeyd olundu. Macarıstanın bu təşkilatla əlaqələrinin inkişaf etdirilməsi üçün Azərbaycanın dəstəyi vurğulandı . İlham Əliyevin Macarıstana etdiyi işgüzar səfər, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İmzalanan sənədlər və həyata keçirilən müzakirələr, gələcəkdə daha geniş və dərin əməkdaşlığın əsasını qoyur. Bu səfər, Azərbaycan və Macarıstanın strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək və regional sabitlik və rifahın təmin olunmasına töhfə verəcəkdir.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button