
Prezident İlham Əliyev bəyanatında bildirmişdir ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində sabit və etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın enerji resurslarının şaxələndirilmiş yollarla bazarlara çıxarılması, xüsusilə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə təchizatın təmin edilməsi bu nüfuzun mühüm dayağını təşkil edir. Macarıstanın Baş naziri Viktor Orban isə öz növbəsində Azərbaycanla əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq, iki ölkə arasında enerji sahəsində münasibətlərin daha da dərinləşməsinin regionun ümumi təhlükəsizliyi və dayanıqlılığı üçün əhəmiyyətini qeyd etmişdir. Macarıstan 2023-cü ildən etibarən Cənub Qaz Dəhlizinə qoşulmaq istiqamətində praktiki addımlar atmağa başlamışdır. 2023-cü ilin son rübündə Azərbaycan qazının Macarıstan anbarlarında yerləşdirilməsi və təchizata başlanması bu prosesin ilkin mərhələsi olmuşdur. 2025-ci ildə isə tərəflər arasında illik təchizatın həcminin 500 milyon kubmetrə çatdırılması barədə razılaşma əldə olunmuşdur. Bu, Macarıstanın enerji mənbələrini diversifikasiya etməsinə xidmət etməklə yanaşı, Azərbaycanın qaz ixrac portfelini də genişləndirir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müharibəni 44 günə bitirib və bu müharibə beynəlxalq hüquq çərçivəsində aparılıb: “Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur”. İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq, podrat layihələrində iştirak etmək imkanları kifayət qədər genişdir. Azərbaycan zəngin resurslara malik olan ölkədir. Azərbaycan Avropanın mavi yanacağa artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. COP29 kimi qlobal tədbirlərdə birgə iştirak, enerji, nəqliyyat, mədəniyyət, müdafiə və hüquq sahələrində əməkdaşlıq yeni geosiyasi modelin konturlarını cızır.
Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan-Macarıstan əlaqələrində yeni mərhələ olacaq. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Macarıstanın enerji resurslarının şaxələndirilməsi üçün yaxşı dost və tərəfdaşlara ehtiyac var. Azərbaycan da hazırda dünyada etibarlı tərfdaş ölkə olaraq tanınır, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verir Bu baxımdan əminliklə söyləmək olar ki, ölkə Prezidentimiz cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.
Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyasının məsləhətçisi