AnalitikaGündəmSiyasət

Azərbaycan- Macarıstan əlaqələri dostluq və tərəfdaşlığa söykənir

Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən sonra qurulmuşdur. Respublikamız Mərkəzi və Şərqi Avropa ölkəsi olan Macarıstanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.

İki ölkəni yaxınlaşdıran ən əsas amillərdən biri isə ortaq tarixi və mədəni köklərdir. Həm azərbaycanlılar, həm də macarlar Türk dünyasına mənsub xalqlar olaraq ortaq etnik və tarixi köklərə malikdir. Təbii ki, bu amil münasibətlərin rəsmi çərçivəsindən kənarda xalqlar arasında da dostluq və qardaşlıq münasibətlərinin əsasını formalaşdırır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan-Macarıstan münasibətlərinin mövcud potensialının bir çox strateji sahələr üzrə əməkdaşlıq imkanlarını özündə ehtiva etdiyini aydın şəkildə ifadə etmək mümkündür.

Səmimi dostluq münasibətlərinin nəticəsi kimi Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə fəal şəkildə inkişaf edir. Macarıstanla əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq platformalarda bir-birinə dəstək göstərir, ortaq maraqlara əsaslanan siyasət yürüdür. Onu da qeyd etmək lazımdır ki, Macarıstan Parlamentində Macarıstan-Azərbaycan parlamentlərarası Dostluq qrupu yaradılmış, strateji əməkdaşlıq haqqında razılaşmaya imza atılmış, Bakı və Budapeşt arasında yeniden birbaşa uçuşların başladılması haqqında arasında aviasiyaya sənədi, tələbə üçün təqaüd proqramı, idman, gənclər və turizmə aid digər bütün razılaşmalar bu ərəfədə qəbul olunmuşdu.

Bundan başqa, Macarıstanda təhsil alan və işləyən azərbaycanlı gənclər və Macarəstanın fəal gəncləri tərəfindən Macarıstan-Azərbaycan Gənclər Birliyi yaradılmışdır. Təşkilatın məqsədi Azərbaycan-Macarıstan gənclərarası əlaqələri inkişaf etdirmək, onlar arsındakı dialoqu təşkil edərək ikitərəfli münasibətləri gənclər səviyyəsində ön plana çəkməkdir. Xarici tələbələri özünə cəlb edən macar universitetləri üçün Azərbaycan ən perspektivli ölkələrdən biri hesab edilir və ölkənin qabaqcıl universitetleri beynəlxalq əlaqələr, tibb, kənd təsərrüfatı, mühəndislik, su sənayesi kimi sahələrdə azərbaycanlı tələbələrə yüksək keyfiyyətli təhsil verməyə hazırdır. Macarıstan bu proqrama tələbəni qəbul edəcək və Macarıstan tərəfi təhsil xərclərini qarşılamaqla yanaşı tələbələri yataqxana və təqaüdlə təmin edəcəkdir.

Həmçinin, Macarıstanın uzunmüddətli enerji təhlükəsizliyi təminatını ödəmək üçün yeni yollar axtarmasına ehtiyacı olacaq və bu alternativlərdən biri də Azərbaycandır. Son illər ərzində Azərbaycanda avtomobil yolları, dəmir yolları, dəniz limanları, gəmiqayırma zavodu və hava nəqliyyatı sahələrinə böyük sərmayələr qoyulub. Nəticədə, dənizə birbaşa çıxışı olmasa da, ölkəmiz Avrasiyanın əsas nəqliyyat mərkəzlərindən birinə çevrilib. Macarıstanın Azərbaycanın əsas neft və qaz layihələrində pay sahibi olması, iqtisadi tərəfdaşlığın dərinliyini göstərir. Azərbaycanın Avropaya qaz ixrac edən əsas ölkələrdən birinə çevrilməsi, onun enerji təhlükəsizliyi sahəsində strateji aktora çevrildiyini təsdiqləyir. Bununla yanaşı, yaşıl enerji sahəsində də əməkdaşlıq perspektivləri, iqtisadi gündəliyin çevik və gələcəyə yönəlik olduğunu sübut edir.

Macarıstan dövlətinin də həyata keçirilən layihələrə verdiyi dəstək ümumi məqsədlərimizə daha tez çatmağımıza imkan yaradır. Ümumilikdə, Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə uğurla inkişaf edir.

Yaqublu Şəfiqə,
Xəzər rayonu,  237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button