AnalitikaGündəmSosial

Azərbaycan jurnalistikası 150 yaşında

Bu il milli jurnalistikamızın yaranmasının 150 illiyi qeyd olunur. Bu əlamətdar hadisə yalnız media nümayəndələrinin deyil, bütövlükdə Azərbaycan ictimaiyyəti üçün böyük bayramdır. Çünki mətbuat xalqın səsi, cəmiyyətin güzgüsü, ictimai fikrin formalaşmasında mühüm rol oynayan əsas vasitələrdən biridir.

Azərbaycan jurnalistikasının, dolayısı ilə mətbuatının yolu heç də asan olmayıb. Mətbuat cəmiyyətin aynasıdır, deyirlər. Bu həqiqətən də belədir. Azərbaycan mətbuatı tarixi mərhələlərdə siyasi proseslərdən asılı olaraq, müxtəlif tendensiyaları izləməli olub. Amma jurnalistikanı yaradanların milliliyi, onu formalaşdıran qüvvələrə təslim olmayıb. İstər çar dövründə, istərsə də sovet dövründə milli jurnalistikada mübarizə var: milli özünüdərk, öz dilində yazmaq və özü olmaq uğrunda.

Azərbaycan jurnalistikasının təməli 1875-ci il iyulun 22-də böyük maarifçi və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Bu qəzet təkcə bir nəşr deyildi – o, xalqın maariflənməsi, milli şüurun oyanması və ictimai tərəqqinin təşviqi üçün bir tribuna idi.

“Əkinçi” cəmi iki il fəaliyyət göstərsə də (1875–1877), onun təsiri, izi və nəfəsi özündən sonra yaranacaq bütün media formalarında özünü göstərdi. Bu ənənə sonradan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat” və “Füyuzat”, “Molla Nəsrəddin” kimi nəşrlərlə davam etdirildi. Adını çəkdiyimiz və çəkmədiyimiz bir çox mətbuat orqanları xalqın düşüncəsini formalaşdırmaqda mühüm rol oynadı. Ardınca Şərqdə ilk demokratik respublika –  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla jurnalistika yeni inkişaf mərhələsinə qədəm qoydu. 1920-ci ildə Azərbaycanda bolşeviklərin sovet rejimini qurması ilə milli jurnalistika dövlət nəzarəti altına keçdi. Senzura, ideoloji nəzarət və təkpartiyalı sistemə xidmət edən informasiya siyasəti mətbuatın azadlığını məhdudlaşdırmaqla,  informasiya monopoliyasını formalaşdırdı, üstəgəl  “Sosrealizm” adı altında mətbuatın təbliğat alətinə çevrildi. Sovet dövründə isə jurnalistika ideoloji çərçivələrə salınsa da, peşəkar jurnalist kadrların yetişməsində müəyyən təcrübə toplandı. Bu illər ərzində 1926-cı ildə radio yarandı, 30 il sonra isə televiziya evimizin daimi qonağına çevrildi. Paralelində isə AXC-nin süqutundan sonra mühacir taleyi yaşamaq məcburiyyətində qalan həmyerlilərimiz mühacirət mətbuatını formalaşdırdı. Tarix beləcə bizi 70 il sınağa çəkdi…

Müstəqillik dövründə isə Azərbaycan jurnalistikası yeni mərhələyə qədəm qoydu. Söz azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı, internet mediasının yaranması və sosial şəbəkələrin təsiri jurnalistikanın fəaliyyət sahəsini və üslubunu xeyli genişləndirdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra jurnalistikanın inkişafında mühüm mərhələ başladı. 1998-ci ildə senzuranın ləğvi, Yeni Kütləvi İnformasiya Vasitələri haqqında qanunvericiliyin formalaşması ilə ilə işə başlanıldı. Heydər Əliyev beynəlxalq mediaya açıq siyasət yürüdərək Azərbaycan həqiqətlərinin xarici mediada yayılmasına xüsusi önəm verirdi. O, mətbuat vasitəsilə Qarabağ münaqişəsi, ölkədəki islahatlar və xarici siyasət prioritetlərinin beynəlxalq auditoriyaya çatdırılmasına şərait yaradırdı. Bu gün də Azərbaycanda media siyasəti Ümummilli lider  Heydər Əliyevin əsasını qoyduğu prinsiplər əsasında cənab Preident İlham Əliyev tərəfindən davam etdirilir. İlham Əliyevin prezidentlik dövrü jurnalistikada yeniliklərlə zəngindir. Belə ki, senzura dövrünün tam şəkildə geridə qalması, media sahəsində hüquqi islahatlar (2021-ci Media haqqında qanun), Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması, jurnalistlərin sosial müdafiəsinə olan diqqət (jurnalistlər üçün yaşayış binalarının inşa edilməsi, onlara fəxri adların verilməsi, peşəkar inkişaf proqmları və s.), beynəlxalq media tədbirləri və s. məhz onun adı ilə bağlıdır.

Azərbaycan XXI əsrdə öz gücünə əzəli-əbədi torpaqlarını geri qaytaran yeganə dövlətdir. Bu faktı bütün dünya bilir. Bu gün artıq Azərbaycanın “Qarabağ problemi” yoxdur. Bu gün azərbaycanlı jurnalistlər bir vaxtlar həsrətini çəkdikləri torpaqlarda öz peşə bayramlarını qeyd edirlər.

Azərbaycan jurnalistikası 150 il ərzində bir çox tarixi, siyasi və texnoloji mərhələlərdən keçərək bugünkü rəqəmsal dövrə gəlib çatıb. Bu böyük bir xalqın özünüdərk yolunda apardığı mübarizənin özü və inkişaf yoludur. 150 illik yubiley həm keçmişə ehtiram, həm də gələcək üçün daha məsuliyyətli və peşəkar jurnalistikanın formalaşması yolunda mühüm bir mərhələdir.

Bakı Slavyan Universiteti – Jurnalistika kafedrasının baş müəllimi,
Zümrüd Əhmədova

Oxşar Xəbərlər

Back to top button