AnalitikaGündəmSiyasət

Azərbaycan–İtaliya münasibətləri

Azərbaycan və İtaliya arasında münasibətlər dostluq, tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanır. 2024-cü ilin sentyabrında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin daha da inkişafına təkan verdi. Səfər çərçivəsində dövlət başçıları strateji əməkdaşlığın əsas istiqamətləri barədə mühüm müzakirələr apardılar.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella arasında keçirilən görüşlərdə Azərbaycan–İtaliya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan və İtaliya artıq sadəcə tərəfdaş deyil, strateji tərəfdaşdırlar. Bu, iki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərin yüksək səviyyəsini göstərir. Səfər zamanı bir sıra mühüm məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhsil və humanitar əməkdaşlıq müzakirə olundu. İtaliya Prezidentinin Azərbaycana səfəri həm də xalqlar arasında dostluq və qarşılıqlı etimadın bariz nümunəsi oldu.

Səfərin əsas məqamlarından biri, Bakıda İtaliya–Azərbaycan Universitetinin açılmasıdır. Layihə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə irəli sürülmüş və 2024-cü ilin oktyabrında tədris korpusları istifadəyə verilmişdir. Universitet ADA Universiteti ilə İtaliyanın nüfuzlu ali məktəblərinin – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetlərinin əməkdaşlığı ilə yaradılıb. Hazırda yüzlərlə tələbə burada bakalavr və magistr pilləsində təhsil alır. Tədris proqramları mühəndislik, memarlıq, kənd təsərrüfatı, qida texnologiyaları, menecment kimi müxtəlif sahələri əhatə edir. Müasir laboratoriyalar və yaradıcı emalatxanalar tələbələrə praktik biliklər qazanmaq imkanı yaradır. Universitet həm də Azərbaycan–İtaliya mədəni və elmi əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. İtaliya–Azərbaycan Universiteti humanitar  əməkdaşlığın təməlini qoymaqla yanaşı, hər iki ölkənin gənclərinin bilik mübadiləsinə şərait yaradır. Gələcəkdə elm, mədəniyyət və təhsil sahəsində daha geniş layihələrin həyata keçiriləcəyi nəzərdə tutulur.

Prezidentlərin görüşündə enerji sahəsində əməkdaşlıq xüsusi yer tutdu. İlham Əliyev qeyd etdi ki, 2020-ci ildən etibarən TAP (Trans-Adriatik Qaz Kəməri) vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə çatdırılır və İtaliya bu layihədə əsas tərəfdaşlardan biridir. Bununla yanaşı, elektrik enerjisinin Avropa məkanına ixracı üzrə də yeni layihələr nəzərdə tutulur. Bu, yalnız Azərbaycan və İtaliya arasında əməkdaşlığın deyil, həm də ümumilikdə Avropa enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.

İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin tarixində mühüm mərhələ oldu. Səfər zamanı əldə olunan razılaşmalar və açılış mərasimləri Azərbaycan–İtaliya əlaqələrinin davamlı inkişafına təkan verdi. Bu münasibətlər yalnız enerji və iqtisadi sahələrlə məhdudlaşmır, həm də elm, mədəniyyət və humanitar əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır. Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq gələcəkdə də region və Avropa üçün mühüm əhəmiyyət daşıyacaq.

Əliyeva Nərgiz
Xəzər rayonu, 292 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button