Analitika

Azərbaycan-İsrail dostluq və əməkdaşlıq əlaqələri strateji əhəmiyyət kəsb edir

“Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsraildir. Təsadüfi deyil ki, Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var və bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bütün digər azlıqların nümayəndələri ilə birgə ölkəmizin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə vuruşublar. İsraildə yaşayan azərbaycanlılar da ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Ümumən, bu gün ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Elə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir və səfərin ikitərəfli əlaqələri gücləndirəcəyi, çox fəal siyasi dialoqun qurulması heç kəsdə şübhə doğurmur”.

Bunu “Globalnews.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, əməkdaşlıq əlaqələrinin tarixində əlamətdar hadisə olan İsraildə Azərbaycan səfirliyinin açılması faktı münasibətləri daha yüksək səviyyəyə qaldıracaq və daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq: “Bu gün iki ölkənin ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. Eyni zamanda, Balkan ölkələrində interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. Eləcə də yeni əməkdaşlıq sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir. Müdafiə sənayesi sahəsində də uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur”.

“2016-cı ilin dekabrında Azərbaycana səfərində baş nazir Netanyahu dövlətlər arasında ikitərəfli əlaqələri “əla münasibətlər və səmimi dostluq” adlandırmışdı” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan-İsrail münasibətləri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzun müddət əvvəl formalaşmış “yaxınlıq” mərhələsini keçib və yaxın dostluq, hətta qardaşlıq səviyyəsinə qədər yüksəlib: “Sirr deyil ki, bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq əlaqələri strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrailin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini heç kəs unutmayın. Ona görə də, iki dövlətin dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da dərinləşəcək və güclənəcək”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button