Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir

Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, bununla əlaqədar Kioto protokolunu 2000-ci ildə, sonuncu Paris Sazişini isə 22 aprel 2016-cı ildə imzalayıb və ratifikasiya edib. Təsdiq edilmiş sənədə əsasən, Azərbaycan qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyasının 35 faiz azalmasını qarşısına hədəf qoyub. İqlim dəyişikliyi siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla prioritet sahədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də reallaşdırılması nəzərdə tutulan beş prioritetin biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu prioritetlər isə qlobal iqlim dəyişiklikləri prosesləri fonunda özündə bütöv bir tədbirlər sistemini cəmləşdirir. Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru “yaşıl zona” elan edib.
Bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər qlobal tədbiri gələn il qəbul edəcək. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.. Digər bir mühüm amil beynəlxalq birliyin etimadı ilə bağlıdır. Dünyaya uğurlu inkişaf modeli təqdim edən Azərbaycana bütün dünyada böyük inam bəslənir və etimad göstərilir. Doğrudur, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın üzərinə böyük məsuliyyət qoyur. Lakin, onu da vurğumalaq lazımdır ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini xüsusilə qeyd etməliyik. Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da ölkəmizin sədrliyi 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta müddət bir il uzadılmışdır.
Cənab İlham Əliyev onu da əlavə etdi ki, bu hadisənin önəmi o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olundu və bütün dünya ictimaiyyəti bir daha Azərbaycana öz dəstəyini ifadə etdi: «Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.»Hazırlıqlar üçün qarşıda 11 aydan da az vaxtın qalması səbəbindən dövlət başçısının sədrliyi ilə ilk müşavirənin keçirilməsini, müvafiq tapşırıqlarının verilməsini zəruri edib.
Dövlətimizin başçısı əminliklə bildirib ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı da yüksək səviyyədədir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bu, Azərbaycanın xarici siyasət gündəliyini nümayiş etdirir.
Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Ölkəmizin Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirməsi geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı yaradır. Dövlət başçısı İlham Əliyev ölkəmizin yerləşdiyi coğrafi məkana söykənərək bildirir ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk. Ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında etimad və fəaliyyətimizə dəstək əhəmiyyətli rol oynayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti uğurlarımızın davamlılığında, həmçinin xarici siyastimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasında, yeni istiqamətlər üzrə inkişaf etdrilməsində öz sözünü deyir. Tarixi Zəfərimizdən sonra bu diqqət və marağın daha da artdığı göz qabağındadır.
Kazımova Əsmər,
Xəzər rayonu, 123 nömrəli tam orta məktəbin müəllimi



