
Azərbaycanın siyasi xəritəsində uzun illərdir özünəməxsus yeri olan Vyetnamla münasibətlər bugünkü qlobal çağırışlar fonunda yeni məzmunla zənginləşməkdədir. Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi geniş müsahibə bu mənada təsadüfi deyil. Bu müsahibə təkcə diplomatik ritorika deyil, iki ölkənin yarım əsrdən çox davam edən dostluğunun yenidən qiymətləndirilməsi, möhkəmlənməsi və gələcəyə baxışının manifesti idi.
Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər sıradan ikitərəfli əlaqələr deyil. Bu münasibətlərin bünövrəsi zamanın, tarixin, ortaq təcrübənin üzərində qurulub. Xüsusilə sovet dövründən bəri mədəni, təhsil və humanitar sahələrdə formalaşmış təməl, bu gün siyasi və iqtisadi sahələrdə daha geniş və dərin əməkdaşlıq platformasına çevrilməkdədir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sovet illərində Azərbaycanda təhsil almış 5 minə yaxın vyetnamlı bu gün öz ölkəsində yüksək vəzifələr tutur. Bu fakt özü-özlüyündə göstərir ki, Azərbaycan təkcə siyasi tərəfdaş deyil, həm də Vyetnam üçün etibarlı bir inkişaf müttəfiqidir. Mədəniyyətlərin qovuşduğu bu platformada qarşılıqlı hörmət, etimad və humanizm əsas dəyər kimi ön plana çıxır.
Bu kontekstdə Heydər Əliyev Fondunun 2018-ci ildə Vyetnamın Ha Giang əyalətində inşa etdirdiyi ibtidai məktəb layihəsi diqqətəlayiq humanitar jest olmaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi dəyərin göstəricisidir. Bu kimi təşəbbüslər yalnız fiziki infrastruktur deyil, həm də xalqlar arasında mənəvi körpülər qurur.
İqtisadi müstəvidə isə iki ölkə arasında, xüsusən də neft sahəsində mövcud əməkdaşlıq yeni imkanlar və qarşılıqlı investisiya üçün zəmin yaradır. Azərbaycanın enerji sahəsindəki zəngin təcrübəsi və Vyetnamın artan sənaye potensialı bir-birini tamamlayan strateji tərəfdaşlıq üçün əlverişli zəmin yaradır.
Bütün bunlara əlavə olaraq, Prezident Əliyevin müsahibəsində vurğulanan əsas məsələlərdən biri də turizm sahəsində əməkdaşlığın perspektivləridir. Hər iki ölkənin təbiəti, mədəni irsi və turizm potensialı bu sahədə ciddi sıçrayış üçün zəngin imkanlar vəd edir. Azərbaycan üçün Cənub-Şərqi Asiya bazarına açılan qapı, Vyetnam üçün isə Qafqazda etibarlı tərəfdaş – bu formulanın real məzmun qazanması uzaq gələcəyin yox, yaxın dövrün hədəflərindən olmalıdır.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı məqamlar təkcə iki ölkə arasında münasibətlərin ümumi mənzərəsini təqdim etmədi – o həm də gələcək inkişafın xəritəsini cızdı. Bu xəritədə siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar missiyalar və mədəniyyətlərarası ünsiyyət bir bütövün tərkib hissəsidir.
Vyetnam lideri cənab To Lamın ölkəmizə səfəri ilə paralel səslənən bu müsahibə isə məhz bu bütöv mənzərənin strateji əhəmiyyətini bir daha təsdiqlədi. Bu səfər iki xalq arasında yeni bir səhifənin başlanğıcı kimi dəyərləndirilə bilər – qarşılıqlı hörmət, dostluq və davamlı tərəfdaşlıq səhifəsi.
Müasir beynəlxalq münasibətlər sistemində tarixi təməl üzərində qurulan bu kimi əlaqələr hər zaman daha davamlı və dayanıqlı olur. Azərbaycan və Vyetnam bu gün bu həqiqəti yaşayır və yaşadır.
Rəna Süleymanlı
Yeni Azərbaycan Partiyası, məsləhətçi