
22 iyul, Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü kimi qeyd olunur. Bunun əsas səbəbi 1875-ci ilin 22 iyulunda böyük çətinliklərdən sonra Bakıda ana dilində Həsən bəy Zərdabi tərəfindən çap olunan “Əkinçi” qəzetidir. “Əkinçi” qəzetinin mətbuat tariximizdə danılmaz izi, mühüm rolu olduğunu nəzərə alsaq, bu gün hər bir gənc jurnalist üçün əlamətdardır. Çünki bugünkü mətbuatımızın, dostluğumuzun sarsılmazlığında elə mətbuatımızın da danılmaz rolu var. Bu əlamətdar gün sadəcə mətbuatın başlanğıcı deyildi, eyni zamanda kökümüzə, birliyimizə bir açar idi.
Qardaş ölkə Türkiyə ilə münasibətlər hər zaman strateji tərəfdaşlıq səviyyəsində olub. Bu münasibətlər təkcə siyasi deyil, həm də media, iqtisadiyyat və hərbi sahələrdə hər zaman özünü biruzə verib. Bu əməkdaşlıqlar həm də iki ölkə arasında dostluq bağlarının möhkəmliyinin sübutudur.İlk dəfə 1990-cı illərdən etibarən Türkiyə televiziya kanalı olan TRT evlərimizin qonağı olmağa başladı. Zamanla bu sıraya TRT Avaz, TRT World, TRT Haber və s. bir çox kanallarda əlavə olundu. Eyni zamanda, 2000-ci illərdən etibarən Show TV, ATV (Türkiyə), Kanal D və digər bir çox Türkiyə televiziya kanalının yayımı müxtəlif kabel televiziyaları və peyk yayımı vasitəsilə Azərbaycanda izlənilməyə başladı. 25 il ərzində bu bağlar daha da möhkəmləndi, birliyimiz burada da öz sözünü dedi. Bu gün AzTV ilə TRT arasında proqram alış-verişləri, ortaq layihələr, hər iki kanalın akademiyalarının tələbə mübadiləsi və s. bu kimi önəmli proseslər baş verir ki, bunlar da öz növbəsində birgə inkişafın nümunəsidir.Xüsusilə 2-ci Qarabağ müharibəsi dövründə media sahəsində olan birliyimiz, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi və iki dövlət arasında “Media Sahəsində Strateji Əməkdaşlıq Anlaşma Memorandumu” sanki yeni bir dövrün başlanğıcı oldu. Bütün bunlar informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı birgə mübarizə və ortaq dəyərlərin təbliği istiqamətində çox mühüm və vacib önəmə sahibdir.Müasir dövrdə informasiya yalnız məlumat deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir. Məhz bu səbəbdən, Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığın, birliyin, ortaq informasiya siyasətinin olması Türk dünyasının səsini bütün dünyaya çatdırmaq üçün mühüm addımdır. Çünki danılmaz faktdır ki, türk dövlətləri arasında Azərbaycan və Türkiyə Respublikaları daha yüksək inkişaf yoluna sahibdir və digər türk dövlətləri üçün örnəkdir.
Azərbaycan və Türkiyə dövlətləri arasında media sahəsindəki bu əməkdaşlıq, qardaşlığın media müstəvisində də təsirini göstərir. Biz də inanırıq ki, bu strateji əməkdaşlıq yalnız iki dövlət üçün deyil, bütün Türk dünyası üçün vacib birlik nümunəsidir.
Gövhər Mərdanova
Bakı Slavyan Universiteti Sosial elmlər və Regionşünaslıq fakültəsi Jurnalistika ixtisası 4-cü kurs