AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Qazaxıstanın əlaqələri təkcə siyasi bəyanatlarla deyil, real layihələr, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulub

18 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə geniş müsahibə verib. Dövlət başçısı bu müsahibəsində Azərbaycan–Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsini, gələcək inkişaf istiqamətlərini, eləcə də regional əməkdaşlığın əhəmiyyətini ətraflı şəkildə şərh edib. Prezidentin çıxışı həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qazaxıstanı təkcə müasir maraqlar deyil, eyni zamanda ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Onun sözlərinə görə, iki xalq arasında qardaşlıq münasibətləri əsrlərin sınağından çıxıb və bu gün strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Qazaxıstanın siyasi münasibətləri qarşılıqlı etimad və bərabərlik prinsipləri üzərində qurulub. Bu amil bütün digər sahələrdə əməkdaşlığın təməlini təşkil edir.

Müsahibədə iqtisadi əlaqələrin inkişafı da geniş yer alıb. Prezident bildirib ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsi sabit artım nümayiş etdirir. 2025-ci ilin ilk səkkiz ayı ərzində ticarət həcmi 500 milyon ABŞ dollarını ötüb. İlham Əliyev qeyd edib ki, bu artım Orta Dəhliz kimi strateji nəqliyyat-logistika layihələrinin reallaşması sayəsində mümkün olub. Azərbaycanın Ələt, Qazaxıstanın isə Aktau və Kurık limanlarının inteqrasiyası iki ölkə arasında yükdaşımaları xeyli asanlaşdırıb.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq gələcəkdə iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən biri olacaq. Azərbaycan “yaşıl enerji” konsepsiyası çərçivəsində Qazaxıstanla külək və günəş enerjisi layihələrinin həyata keçirilməsində maraqlıdır. Bununla yanaşı, Xəzər dənizi vasitəsilə iki ölkə arasında enerji körpüsünün yaradılması istiqamətində müzakirələrin aparıldığı da vurğulanıb.

Ekoloji məsələlərə toxunan Prezident Əliyev Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin region ölkələri üçün ortaq problem olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu sahədə elmi əməkdaşlığın, məlumat mübadiləsinin və birgə tədbirlərin həyata keçirilməsi vacibdir. Azərbaycan ekoloji təhlükəsizlik məsələlərini regional əməkdaşlığın mühüm istiqaməti kimi dəyərləndirir.

Müsahibənin humanitar hissəsində İlham Əliyev mədəni-elm əlaqələrinin güclənməsini yüksək qiymətləndirib. O xatırladıb ki, son illərdə Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri, Bakıda isə Qazaxıstan mədəniyyəti günləri keçirilir. Bu tədbirlər xalqlar arasında dostluğun və mədəni yaxınlığın möhkəmlənməsinə böyük töhfə verir. Prezident həmçinin Türk Dövlətləri Təşkilatının bu sahədəki birləşdirici rolunu xüsusi qeyd edib.

İlham Əliyev müsahibəsində Türk dünyasının həmrəyliyinin regionun sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıdığını da bildirib. Onun sözlərinə görə, türk dövlətləri ortaq dəyərlər və qarşılıqlı hörmət prinsipləri əsasında yeni inteqrasiya modelini formalaşdırırlar. Azərbaycan və Qazaxıstan bu prosesin önündə gedən dövlətlərdir.

Sonda Prezident İlham Əliyev əminliyini ifadə edib ki, Azərbaycan–Qazaxıstan münasibətləri qarşıdakı illərdə daha da genişlənəcək və strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik münasibətlərinə doğru inkişaf edəcək. Müsahibə göstərdi ki, Azərbaycan ilə Qazaxıstanın əlaqələri təkcə siyasi bəyanatlarla deyil, real layihələr, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulub. Bu münasibətlər türk dünyasında inteqrasiyanın və regional sabitliyin mühüm dayağıdır.

Sevinc Qəhrəmanova
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button