AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın müasir mərhələsi

Son illər ərzində Azərbaycan və Çin arasında formalaşmış strateji tərəfdaşlıq təkcə ikitərəfli əlaqələrin çərçivəsində deyil, eyni zamanda regional və qlobal miqyasda əhəmiyyətli siyasi və iqtisadi nəticələr doğurur. Bu iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlər sabit və davamlı inkişafla müşahidə olunur və hazırda daha da genişlənməkdədir. Azərbaycan ilə Çin demək olar ki, bütün əsas istiqamətlər üzrə sıx münasibətlərə malikdir. Siyasi və iqtisadi əlaqələrin ardıcıl və məqsədyönlü inkişafı hər iki ölkənin əsas maraqlarına uyğun olmaqla yanaşı, həm də bölgədə sülhün, təhlükəsizliyin və sosial-iqtisadi rifahın möhkəmləndirilməsinə töhfə verir. Dünyanın ikinci ən böyük iqtisadiyyatına və beynəlxalq aləmdə ciddi təsir gücünə malik olan Çinlə Azərbaycan arasındakı əlaqələr hər keçən il daha da güclənir. Bu münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı görüşləri və siyasi iradəsi mühüm rol oynayır. Prezident cənab İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında mövcud olan qarşılıqlı hörmət və dostluq münasibətləri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə güclü təkan verir. Bu baxımdan, parlamentlərarası əlaqələr, hökumətlər və biznes dairələri arasındakı əməkdaşlıq da münasibətlərin dərinləşməsinə öz töhfəsini verir.

Prezident cənab İlham Əliyevin Çin mətbuatının aparıcı informasiya resursu olan “Sinxua” agentliyinə verdiyi müsahibədə də bu əlaqələrin dərinliyi və gələcək imkanları öz əksini tapıb. Dövlət başçısının “Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi son illər ərzində əhəmiyyətli şəkildə artıb. Strateji tərəfdaşlığımız bir çox sahələrdə uğurla inkişaf edir” fikri iki ölkə arasındakı əməkdaşlığın iqtisadi və siyasi baxımdan dayanıqlı əsaslara söykəndiyini göstərir.

Çin şirkətlərinin Azərbaycanın iqtisadiyyatına artan marağı, xüsusilə enerji və yüksək texnologiyalar sahəsində, yeni əməkdaşlıq istiqamətlərinin yaranmasına səbəb olur. Rəqəmsal iqtisadiyyat, yaşıl enerji və süni intellekt kimi sahələrdə mümkün əməkdaşlıq layihələri gələcək üçün texnoloji tərəfdaşlıq imkanlarını genişləndirir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2 milyard ABŞ dollarını keçməsi bu əlaqələrin yalnız statistik göstəricilər deyil, həm də qarşılıqlı inama əsaslandığını nümayiş etdirir.

Bu gün Azərbaycan və Çin arasında formalaşan münasibətlər qarşılıqlı hörmətə, siyasi sabitliyə və iqtisadi faydaya əsaslanan kompleks əməkdaşlıq modelinə çevrilib. Bu model regionda inteqrasiya nümunəsi olmaqla yanaşı, çoxqütblü dünyada uğurlu diplomatik əməkdaşlıq platforması rolunu oynayır. Bu münasibətləri daha da inkişaf etdirmək üçün gömrük prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, texniki və iqtisadi əməkdaşlığın genişləndirilməsi, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ticarət sahəsindəki əməkdaşlıqla yanaşı, Azərbaycan və Çin istehsal, infrastruktur quruculuğu, energetika, kimya sənayesi, yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat və telekommunikasiya kimi sahələrdə də əməkdaşlığın gücləndirilməsinə diqqət yetirirlər. Son dövrlərdə bu sahələrdə səmərəli investisiya əməkdaşlığı müşahidə olunur. Hazırda Azərbaycanda Çin kapitallı 375 şirkət qeydiyyatdan keçib, onlardan 298-i fəal şəkildə fəaliyyət göstərir. Çin şirkətləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrində iştirak etməkdə maraqlıdırlar. “Huawei” şirkəti artıq həmin bölgələrdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları üzrə layihələrə start verib. Bu da Çin-Azərbaycan əməkdaşlığının yeni, innovativ mərhələyə qədəm qoyduğunu göstərir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button