AnalitikaGündəmİdman

Azərbaycan idmançıları dünya idman arenasında rəqabətqabiliyyətli brend kimi tanınır

“Azərbaycanda idman siyasətinin nəticələri son 20-25 ildə həm peşəkar idman, həm də kütləvi sağlam həyat tərzi baxımından aydın şəkildə hiss olunur. Eyni zamanda, Azərbaycan Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında mütəmadi medal qazanan ölkələr sırasına daxil olub. Xüsusilə də Azərbaycan idmançıları artıq dünya idman arenasında rəqabətqabiliyyətli brend kimi tanınır. İdmançılarımız tərəfindən beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən çox qızıl medal qazanılması deyilənlərin əyani sübutudur”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib: “Regionlarda və paytaxtda olimpiya idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları, idman zalları tikilib. Demək olar ki, bütün rayonlarda gənclərin idmana cəlb olunması üçün maddi-texniki baza yaradılıb. Bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Məktəblərdə və ali təhsil müəssisələrində idman obyektləri yenilənib. Bir sözlə, idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir”.

“Sağlam gənc nəsil ölkənin gələcək inkişafı üçün lazımdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, idman gənclərin asudə vaxtının səmərəli təşkili, zərərli vərdişlərdən uzaq qalması üçün mühüm vasitədir və o, nizam-intizam, vətənpərvərlik, komanda ruhu kimi dəyərlər gücləndirir, xüsusilə də idman uğurları gənclər üçün motivasiya və rol modeli yaradır: “Bütövlükdə, Azərbaycanda həyata keçirilən idman siyasəti uğurlu və strateji xarakter daşıyır. Bu siyasət ölkənin beynəlxalq nüfuzunu artırır, gənclərin inkişafına xidmət edir, sağlam cəmiyyət formalaşdırılmasına töhfə verir. Xüsusi məqam kimi onu da qeyd edək ki, Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanda idmanla bağlı görülən işlərə verilən beynəlxalq qiymətdir”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button