Analitika

Azərbaycan Heydər Əliyev işığında

Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürə gəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda dahi şəxsiyyətlər, liderlər çıxış edib və bu gün də çıxış etməkdədirlər. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur.  Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları – bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur.

Sovet rejiminin ən sərt çağlarında Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli ruhun inkişafına təkan verən cəsarətli addımlarında görmək o qədər çətin deyil. Əvvəla, Heydər Əliyev ona xas olan müdrikliklə dərk edirdi ki, siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu onun iqtisadiyyatının inkişafından keçir. Məhz bunun sayəsində xalqın özünə inamı arta bilər ki, bu da öz növbəsində millətin özünü ifadə etmək arzusunu daha dərindən alovlandırmaq qüdrətinə malikdir.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, yeni, müasir Konstitusiyasının hazırlanmasıdır.

Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

İndi Ümummilli liderin ideyaları əsasında dahi rəhbərin varisi İlham Əliyevin rəhbərliyi altında hamımız bu yol ilə gedirik. Bu yolda həqiqət var, inkişaf var.

Əkbərova Fəridə,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button