“Bu gün Azərbaycan və Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək müxtəlif sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasındakı görüş bu əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynadı. Parlament seçkilərindən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu addım Azərbaycan-Gürcüstan əlaqələrinin strateji əhəmiyyətini vurğulayır. Hər iki ölkənin hökumət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və beynəlxalq platformalarda birgə əməkdaşlıq siyasi əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan Gürcüstanın iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyaraq qonşu ölkənin inkişafına mühüm töhfə verir. Gürcüstanın əlverişli investisiya iqlimi Azərbaycan şirkətlərini bu bazara cəlb edir, eyni zamanda iki ölkə arasında ticarət və investisiya əlaqələri dayanıqlı iqtisadi tərəfdaşlıq qurulmasının əsasını təşkil edir. Enerji sahəsində də Azərbaycan və Gürcüstan birgə həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrlə qlobal enerji təhlükəsizliyinə töhfə verirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan hazırda Gürcüstan tranziti vasitəsilə 11 ölkəyə qaz ixrac edir, Gürcüstan isə istehlak etdiyi təbii qazın 80 faizdən çoxunu Azərbaycandan alır. Nəqliyyat-logistika sahəsində isə Bakı-Tbilisi-Qars dəmiryolu və Orta Dəhliz layihələri Avropa ilə Asiya arasında mühüm nəqliyyat bağlantıları yaradır. Bu əməkdaşlıq təkcə iki ölkə deyil, daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan xalqları arasında mədəni-humanitar əlaqələr tarixi köklərə əsaslanır. Parlamentlərarası əlaqələr və birgə hökumətlərarası komissiyalar bu sahələrdə də sıx əməkdaşlığı təmin edir. İki ölkənin xalqları arasında olan dostluq və qardaşlıq münasibətləri mədəni əməkdaşlığı daha da gücləndirir. Qeyd olunmalıdır ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq regionda və qlobal səviyyədə əhəmiyyətli rol oynayır. Qarşılıqlı inam və əməkdaşlıq prinsipləri əsasında qurulan bu münasibətlər gələcəkdə daha da dərinləşəcək və genişlənəcək.