
Prezident öz çıxışında vurğuladı ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşamışlar. Bu tarixi əlaqələr bu gün də davam edir və dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Hər iki ölkə müstəqil dövlət kimi uğurla inkişaf edir və beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyir.
Gürcüstanın iqtisadi inkişafı xüsusi qeyd olunmuşdur. Ölkədə mövcud olan sabitlik və əlverişli investisiya mühiti xarici investorları, o cümlədən Azərbaycan investorlarını cəlb edir. Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulmuşdur.
İki ölkə arasında iqtisadi əməkdaşlıq da sürətlə inkişaf edir. Ticarət dövriyyəsi artmaqdadır və yaxın gələcəkdə daha da yüksələcəyi gözlənilir. Eyni zamanda, tərəflər yalnız öz ölkələrində deyil, gələcəkdə üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsini nəzərdən keçirirlər.
Regional əməkdaşlıq, enerji və nəqliyyat layihələri
İlham Əliyev çıxışında Cənubi Qafqazda yaranan yeni reallıqlara da toxunmuşdur. Qeyd olunmuşdur ki, region artıq münaqişə məkanından əməkdaşlıq və sabitlik zonasına çevrilməkdədir. Bu prosesdə Gürcüstanın rolu yüksək qiymətləndirilmişdir.
Sülhün möhkəmləndirilməsində iqtisadi əlaqələrin, xüsusilə ticarətin əhəmiyyəti vurğulanmışdır. Bu gün region ölkələri arasında əməkdaşlıq yeni imkanlar yaradır və bu imkanlardan düzgün istifadə olunmalıdır.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Gürcüstan münasibətlərinin əsas istiqamətlərindən biridir. Azərbaycan enerji resurslarını dünya bazarına məhz Gürcüstan üzərindən çıxarır. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri layihələr xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, Orta Dəhliz regionun əsas nəqliyyat xətlərindən biri kimi çıxış edir və bu istiqamətdə işlər davam etdirilir.
Sonda qeyd etmək istərdim ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuşdur və bu əməkdaşlıq gələcəkdə daha da güclənəcəkdir.
Vahid Süleymanov,
Neft Kəmərləri İdarəsinin əməkdaşı,YAP Nizami rayon fəalı



