AnalitikaGündəmSiyasət

Azərbaycan Gürcüstan münasibətləri regionun ən uğurlu ikitərəfli əməkdaşlıq modelini təşkil edir

Azərbaycan-Gürcüstan münasibətləri regionun ən uğurlu ikitərəfli əməkdaşlıq modelini təşkil edir, regionda sabitlik, tərəqqi və təhlükəsizliyin qorunmasında  əvəzsiz  rol oynayır. Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2025-ci il yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlmişdir.  Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazirin yanvarın 17-də Azərbaycana etdiyi səfər Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişafını, Azərbaycanın maraqlarının onlar üçün mühüm əhəmiyyət kəsb etməsinin  göstəricisi kimi simvolik  mənanı ifadə edir. Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan  Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü  iki ölkə arasında dostluq əlaqlərinin möhkəmləndirilməsi ,  sülh və sabitliyin müştərək qorunması, siyasi və iqtisadi  əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İki Lider tərəfindən mətbuata verilən bəyanatda  iki ölkə arasında tarixi dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan əsas uğurların yüksək səviyyədə inkişaf etməsinin nailiyyətləri vurğulanmışdır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə son səfəri və Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanat iki dövlət arasında olan sıx münasibətləri bir daha təsdiq etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin  Parlament seçkilərindən sonra ilk səfərinin məhz  Azərbaycana həyata keçirilməsinin  xüsusi əhəmiyyət kəsb etdiyini,  bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verdiyini xüsusi  vurğulayaraq  qeyd etmişdir:  “Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ilk xarici səfərdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm”.

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.

Orta Dəhliz hər iki ölkənin mənafeyinə uyğundur. Bu gün, Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.

Gürcüstanın Baş naziri İrakli  Kobaxidze   Prezident İlham Əliyev və ölkəmiz ilə bağlı bəyanatında demişdir: “Siz regionda  fərqli bir lidersiniz və bizim üçün  də  nümunəsiniz. Siz ölkənizə  dövlətinizin  mənafeyini qorumaqla  rəhbərlik edirsiniz. Bu gün  burada olmaq  məndə  böyük şərəf  və məmnunluq  doğurur. Artıq  qeyd etdiyim  kimi ,  Azərbaycan Respublikası bizim üçün  təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün  etibarlı tərəfdaş və qardaş ölkədir. Biz cənab  İlham Əliyevin   cari ildə  Gürcüstana  səfərini gözləyirik və ümid edirəm ki, bu il  biz həmin şərəfə nail olacağıq”.

Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu münasibətlər regional sabitlik və inkişaf üçün vacib əhəmiyyət kəsb edir. Hər iki ölkə bir-birləri ilə olan ikitərəfli tərəfdaşlığa xüsusi önəm verir və ikitərəfli əməkdaşlığı bütün parametrlər üzrə genişləndirmək və möhkəmləndirməkdə labüd olan bütün addımları gerçəkləşdirirlər.  Dövlət başçılarının, hökümət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri, həmçinin Parlamentlərarası işçi qrupunun fəaliyyəti dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsinə, qorunmasına  təkan verir. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri müxtəlif  çoxtərəfli platformalar, o cümlədən, BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı  dəstək və həmrəylik  səyləri ilə  uğurla inkişaf edir.  Ölkələrimiz arasında  ali və yüksək  səviyyədə  mövcud siyasi  dialoqlar, baş tutan intensiv səfərlər, diplomatik nümayəndəlik  və konsulluqların  fəaliyyəti, siyasi məsləhətləşmələr mexanizmi strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhvə verir. Gürcüstanla uğurlu ikitərəfli əməkdaşlıq çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər intensiv xarakter almışdır. Prezident İlham Əliyevin Gürcüstana səfərləri (1 dövlət, 1 rəsmi, 9 işgüzar), eləcə də Gürcüstan rəhbərlərinin Azərbaycana müntəzəm səfərləri siyasi dialoqun yüksək səviyyəsini nümayiş etdirir. İki ölkə arasında imzalanmış 123 sənəddən ibarət möhkəm müqavilə-hüquq bazası mövcuddur. Bu sənədlər əməkdaşlığın bütün sahələrini əhatə edir və münasibətlərin hüquqi əsasını təşkil edir. Elə bu fəaliyyətlərin nəticəsidir ki, bu gün Azərbaycan-Gürcüstan arasında  bütün istiqamətlərdə – müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş tərəfdaşlıq münasibətlərinin ciddi nəaliyyətlərinin uğurlu həllinə imza atılmışdır.

Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Ulu Öndərin Gürcüstana, qədim gürcü xalqına təmənnasız qayğısını, doğma, isti münasibətini əks etdirən kitabda toplanmış “Gürcüstanla ilk tanışlıq”, “Dostluq rəmzi – həm yol, həm körpü”, “Bakı–Supsa neft kəmərinin açılış mərasimi”, “Dəyişməz qərar”, “Heydər Əliyev və Eduard Şevardnadze mətbuat konfransında”, “Heydər Əliyevin Tbilisi Dövlət Universitetində nitqi”, “Heydər Əliyev və Gürcüstan”, “Dünya Heydər Əliyev haqqında” kimi sənədli materiallar, dost ölkədə təşkil olunmuş ictimai-siyasi, mədəni tədbirlər çıxışların stenoqramı və arxiv fotoları dostluq, mehriban qonşuluq, qardaşlıq münasibətlərimizin əbədi olduğunu bir daha sübut edən möhkəm dostluq,  əbədi qardaşlıq  göstəricilərdəndir.

Həmzəyev Pərviz,
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button