Azərbaycan genişmiqyaslı iqtisadi islahatlar həyata keçirir və özünü təmin edən iqtisadi modelə malikdir

1994-cü ilin Bakıda keçirilmiş ilk beynəlxalq neft-qaz sərgisi Azərbaycanın taleyində dönüş nöqtəsinə çevrildi. Sərgidən az sonra Azərbaycanın imzaladığı “Əsrin müqaviləsi” regionun enerji və geosiyasi xəritəsini dəyişdi. Bu, sadəcə bir müqavilə deyildi, eyni zamanda müstəqillik yolunda atılmış cəsarətli addım, dünyaya “Azərbaycan buradadır və gələcək planları var” mesajı idi.
Bu strateji baxışın müəllifi Prezident Heydər Əliyev təcrübəsi və uzaqgörənliyi ilə çox yaxşı bilirdi ki, dağılmış iqtisadiyyatı, müharibədən çıxmış, daxili sabitliyi yeni bərpa edən Azərbaycan yalnız beynəlxalq əməkdaşlıqla dirçəlib ayağa dura bilər və belə də oldu. Beləliklə, ölkəmizdə mövcud olan iqtisadi sabitlik, yoxsulluğun azalması – hamısı o illərdə atılmış doğru qərarların, o cümlədən düzgün enerji siyasətinin nəticəsidir. Azərbaycan enerji siyasətində yalnız iqtisadi maraqları deyil, həm də qlobal məsuliyyəti nəzərə alır. Neft və qaz ölkəsi olmasına baxmayaraq, yaşıl enerjiyə sərmayə yatırır, gələcək nəsillər üçün dayanıqlı sistemlər qurur. COP29-un Bakıda keçirilməsi də təsadüfi deyildi. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm tədbir enerji siyasətində balansın qorunmasının, praqmatik yanaşmanın və həm Şimal, həm də Cənub ölkələri arasında körpülərin qurulmasının təntənəsi oldu.
“Bakı sıçrayışı” kimi tarixə düşən bu tədbir çərçivəsində bir neçə strateji uğura imza atıldı: İtki və Zərər Fondu təsis olundu, inkişaf etməkdə olan ölkələr üçün yardım 300 milyard dollara qaldırıldı, karbon bazarı aktivləşdirildi. Azərbaycan, qlobal enerji məsələlərində məsuliyyətli oyunçu kimi çıxış edərək, sadəcə öz regionu üçün deyil, bütün dünya üçün bir model təqdim etdi. Azərbaycanın rəhbərliyi ilə böyük enerji və logistika layihələri icra olunur, regional səviyyədə yeni əməkdaşlıq platformaları formalaşır, ölkəmiz nüfuzlu beynəlxalq qurumlara sədrlik edir və mühüm qlobal tədbirlərə ev sahibliyi göstərir. Dövlətimizin iqtisadi strategiyasında əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, müxtəlif iqtisadi sahələrin potensialının üzə çıxarılmasına dair ardıcıl və sistemli fəaliyyətlər dövlətlə cəmiyyət, eləcə də hökumət strukturları ilə iqtisadi iştirakçılar arasında qarşılıqlı inam mühiti yaradıb. Enerji sektorundan asılılığın azaldılması məqsədilə qeyri-neft sahələrinin inkişafına yönəlik davamlı addımlar atılıb və xüsusilə qeyri-neft ixracının həcminin və çeşidinin artırılması istiqamətində tədbirlər görülüb. Xəzər neft-qaz sərgisi ilə bağlı ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə məktubunda Azərbaycanın bərpaolunan enerji təşəbbüslərini və enerji səmərəliliyinə dair səylərini təqdir etdiyini bildirib. Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdəki mövqeyini vurğulayıb. Azərbaycanın 2027-ci ilədək Avropaya ixrac edəcəyi qazın həcmini 20 milyard kubmetrə çatdırmaq istiqamətindəki səyləri və “yaşıl enerji”nin ixracatçısına çevrilmək yolundakı təşəbbüsləri yüksək qiymətləndirilib. Bütün bunlar ölkəmizin davamlı inkişafı üçün istər iqtisadi, istərsə də siyasi müstəvidə möhkəm zəmin yaradır.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi