AnalitikaGündəmMədəniyyətSiyasət

Azərbaycan əsgəri 44 günlük haqq savaşını Böyük Qələbə ilə tamamladı

Qarabağ Zəfərinə aparan zəfər yolunun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada qürurla dalğalanmağa başladı. Çoxəsrlik qəhrəmanlıq salnaməmizə ən möhtəşəm zəfər kimi daxil olmuş 44 günlük bu savaş marafonunu çağdaş dünya hərb mütəxəssisləri müasir silah növləri ilə ən çevik və sürətli döyüş taktikası nümayiş etdirmiş müharibə kimi öyrənməyə başladılar.

Birlik, həmrəylik, vətənpərvərlik, qətiyyət, şücaət simvolu olan şanlı qələbəmiz nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Şuşa əməliyyatı və Şuşa zəfəri XXI əsr ümumtürk tarixinin ilk qəhrəmanlıq salnaməsi və hərb tariximizin şah əsəridir. Azərbaycan əsgəri 44 günlük haqq savaşını Böyük Qələbə ilə tamamladı və bu tarix qəhrəmanlıq salnaməsi oldu.  Ordumuzun şəxsi heyəti polad iradəsi, yüksək döyüş ruhu ilə qazandığı Zəfər nəticəsində təkcə regiona deyil, dünyaya vətənpərvərlik nümunəsini nümayiş etdirdi. Şəhidlərimizi, qazilərimizi unutmamalıyıq. Məhz onlar canlarını və sağlamlıqlarını Vətən üçün fəda etdilər.

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti – “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox.” Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətinin sonunda bildirdiyi fikirlər unudulmazdır!

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bütöv Azərbaycanın memarıdır.

Lətifə Mustafayeva,
Pirşağı qəsəbəsi, 112 №-li tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini 

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button