Analitika

Azərbaycan – Ermənistan sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır

Azərbaycan Respublikası istər müstəqillik qazandıqdan sonra, istərsə də ondan əvvəlki dövrlərdə bir çox təzyiqlərə məruz qalmış, böyük riyakarlıqlarla üzləşmişdir. 90-cı illərdə Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları, həmçinin, ölkənin ürəyi hesab edilən Qarabağı və ona bitişik yeddi rayonu işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə prosesini tətbiq etməsi illərlə davam edən Azərbaycan – Ermənistan münaqişəsinə gətirib çıxarmışdır. Hələ o dövrdə bu münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində heç bir fəaliyyət həyata keçirmədi. Beləliklə, bu münaqişə 30 ilə yaxın müddət davam etdi. Beynəlxalq aləmin bu qədər böyük bir problemə, bu dərin münaqişəyə laqeyd münasibətinin nəticəsidir ki, Azərbaycan xalqı öz ədalətini özü bərpa etdi. 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etdi, həmçinin, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri zamanı tarixi Azərbaycan torpaqlarının hamısında, Xocalıda, Xankəndidə, Əsgəranda Azərbaycan dövlət bayrağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ucaldıldı. Minsk qrupunun həyata keçirməli olduğu hər şeyi Azərbaycan özü həll etdi. Minsk qrupu tarixi Azərbaycan torpaqlarını işğaldan azad etməli, öz yurdlarından didərgin düşmüş minlərlə azərbaycanlı məcburi köçkünləri öz evlərinə qaytarmalı idi, lakin bunların heç birini həyata keçirmədi. 10 noyabr bəyanatına əsasən Ermənistan tarixi Azərbaycan torpaqlarından çəkilməli idi, ancaq nəinki geri çəkilmək, bugünkü gün Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Antiterror tədbirləri nəticəsində buna da son qoyuldu. Hazırda Azərbaycan – Ermənistan sərhədində sakitlik hökm sürür. Lakin bu sülh və sabitliyin davamlı olması üçün  sülh müqaviləsi imzalanmalı və Ermənistanın ərazi iddialarına son qoyulmalıdır. Lakin nəinki Ermənistanı sülhə dəvət etmək, ərazi iddialarına son qoymaq, bəzi dövlətlər tərəfindən regionun təhlükəsizliyi təhdid edilir. Regionda böyük nüfuza sahib olmağa çalışan güclü dövlətlərdən biri olan Fransa hətta Ermənistanın silahlandırılmasında böyük rol oynayır. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi məhz bu siyasətin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında bu məsələlər haqqında ətraflı bəhs etmişdir. Yaranan heç bir çətinlik Azərbaycanın haqlı mövqeyini dəyişə bilməz, bir sahə üzrə əməkdaşlıq ləğv olunarsa, yeni yaranan yüzlərlə sahə üzrə əməkdaşlıqlar həyata keçirilər. Azərbaycan hazırda regionda güclü nüfuza və sarsılmaz mövqeyə malikdir. Bu mövqeyi heç bir riyakarlıq, heç bir təzyiq və heç bir müdaxilə sarsa bilməz.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button