
Prezident İlham Əliyevin yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın son iyirmi ildə həyata keçirdiyi sistemli və ardıcıl infrastruktur siyasətinin mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, ölkədə əsas infrastruktur məsələləri artıq öz həllini tapmışdır və bu, uzunmüddətli strateji baxışın, güclü siyasi iradənin və məqsədyönlü dövlət proqramlarının nəticəsidir. Son iyirmi il ərzində qəbul edilən regional inkişaf proqramları Azərbaycanın həm paytaxtında, həm də regionlarında həyat keyfiyyətini əsaslı şəkildə dəyişmişdir.
Beşillik dövrləri əhatə edən bu proqramlar yalnız iqtisadi inkişafı deyil, eyni zamanda sosial rifahın yüksəldilməsini, ölkə üzrə balanslı inkişafın təmin olunmasını hədəfləmişdir. Nəticədə yol infrastrukturu, enerji təminatı, qazlaşdırma, içməli su və digər mühüm sahələrdə köklü dönüş yaranmışdır. Prezident İlham Əliyevin çıxışında xüsusi yer ayırdığı sahələrdən biri enerji təhlükəsizliyidir. Vaxtilə ciddi enerji qıtlığı yaşayan, hətta elektrik enerjisini idxal etməyə məcbur qalan Azərbaycan bu gün tamamilə fərqli mərhələyə qədəm qoymuşdur. Hazırda ölkənin elektrik enerjisi generasiya gücü təxminən 10 min meqavata yaxındır və bu göstərici daxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanları da yaradır. Bu fakt Azərbaycanın enerji siyasətinin uğurunu və strateji düzgünlüyünü nümayiş etdirir.
Enerji sektorunda əldə olunan nailiyyətlər yalnız generasiya güclərinin artırılması ilə məhdudlaşmır. Yarımstansiyaların yenilənməsi, ötürücü xətlərin çəkilməsi, paylayıcı şəbəkənin müasir standartlara uyğun qurulması nəticəsində vahid və dayanıqlı enerji sistemi formalaşdırılmışdır. Keçmişdə mövcud olan struktur qüsurların böyük hissəsi aradan qaldırılmış, enerji təchizatında fasiləsizlik təmin edilmişdir. Bu isə sənayenin inkişafı, investisiya mühitinin yaxşılaşması və əhalinin sosial rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin çıxışında diqqət çəkən əsas siyasi mesajlardan biri də Azərbaycanın enerji ixracatçısı kimi rolunun genişlənməsidir. Bu gün ölkə neft və qaz ixracı vasitəsilə bir çox dövlətlərin enerji təhlükəsizliyində mühüm yer tutur. Yaxın perspektivdə isə Azərbaycan elektrik enerjisini də dünya bazarlarına çıxarmağı qarşısına məqsəd qoyur. Qonşu dövlətlərlə və beynəlxalq şirkətlərlə aparılan intensiv danışıqlar bu məqsədin real və həyata keçirilə bilən olduğunu göstərir. Bütün bu nailiyyətlər yeni mərhələyə keçidi şərtləndirir.
Artıq əsas infrastruktur məsələlərinin həll olunması ölkəyə daha mürəkkəb və uzunmüddətli layihələrə fokuslanmaq imkanı yaradır. Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı da məhz bu yanaşmanın tərkib hissəsidir. Bu proqram təkcə texniki məsələ deyil, ekoloji təhlükəsizlik, şəhərsalma və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın inkişaf modelinin əsas fəlsəfəsini – əvvəlcə fundamental infrastrukturun qurulması, daha sonra isə bu baza üzərində qlobal miqyaslı iqtisadi və siyasi mövqenin möhkəmləndirilməsini – aydın şəkildə əks etdirir. Bu model ölkənin uzunmüddətli sabitliyini və beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini təmin edən əsas amillərdən biridir.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



