GündəmAnalitikaSiyasət

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. Əsas məqsədləri regionda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meylləri nəzərə alaraq region daxili və regionlararası ticarəti genişləndirmək olan İqtisadi Əməkdaşlıq Təşkilatı bunun üçün, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması və tariflərin azaldılması, həmçinin qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini nəzərdə tutan İƏT Ticarət Sazişi vasitəsilə üzv dövlətlər arasında ticarətin liberallaşdırılması istiqamətində işlər görür. Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapmışdır.

Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 16 oktyabr 2012-ci ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda Bakı bəyannaməsi qəbul edilib. İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb.

İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bu, həm də Bakının uğurlu xarici siyasətinin bariz nümunəsidir ki, bunun nəticəsində İƏT regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olub. Bu isə Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İƏT ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.

Azərbaycanın geostrateji mövqeyinin Cənubi Qafqaz regionunda yerləşməsi və Şərq-Qərb, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində qərarlaşması ölkənin İƏT çərçivəsində nəqliyyat və logistika əməkdaşlığı üçün mühüm potensialını formalaşdırır. Bu xüsusda Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri infrastruktur layihələri Azərbaycanın regional tranzit mərkəzi statusunu möhkəmləndirərək təşkilat daxilində yüklərin daşınması və ticarət əlaqələrinin sadələşdirilməsinə şərait yaradır.

Prezident İlham Əliyevin “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunu imzalaması Azərbaycanın regional və beynəlxalq təşkilatlarla strateji əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bu addım Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) arasında mövcud əməkdaşlığın hüquqi-institusional çərçivəsinin daha da möhkəmləndirilməsinə xidmət edir. Sənəd çərçivəsində nəzərdə tutulan birgə layihələr və təşəbbüslər elmi-tədqiqat və iqtisadi inkişaf sahələrində qarşılıqlı fəaliyyətin keyfiyyətini artırmağa imkan verəcək.

Azərbaycan ECO çərçivəsində şəffaf iqtisadi siyasəti, ticarət logistikası, siyasi iradə və liderliyi ilə mühüm rola malikdir. Strateji baxımdan Azərbaycan  bir sıra mühüm ECO tədbirlərinə ev sahibliyi etməklə regional inteqrasiya lideri kimi mövqeyini daha da gücləndirəcəkdir

Xəzər rayonu, 323 li tam orta məktəbin müəllimi,
Əbdüləlizadə Fidan

Oxşar Xəbərlər

Back to top button