Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verərək bir neçə vacib məsələlərə toxunmuş, Ona verilən sualları cavablandırmışdır.
Jurnalistin ilk sualı müttəfiqlik barədə idi. O, 2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını yada salaraq, o vaxtdan bəri dünyanın əsaslı şəkildə dəyişdiyini vurğuladı. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir? – deyə soruşan muxbirə Prezident İlham Əliyev cavab olaraq, bu dəyişikliyin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyini, bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımızı, belə bir Bəyannamənin imzalanması faktının özünün həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım, bunun qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək forması olduğunu nəzərə çatdırdı. Bizim həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlər olduğumuzu, bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetlərinin üst-üstə düşdüyünü və belə bir sənədin tarixi hadisə olduğunu qeyd etdi.
Müsahibə zamanı, Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı? sualına “xeyr” cavabını verən ölkə başçısı vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq buna ehtiyac olmadığını söylədi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq etdiyini, bu hərbi əməkdaşlığın o vaxt başlayıb və bu günə qədər davam etdiyini vurğuladı. Təbii ki, zərurətdən asılı olaraq formaların dəyişdiyini, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturlarının Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayadığını söylədi.
Prezident İlham Əliyev həmçinin gedişatın NATO ilə Rusiya arasında açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacağına ümid etdiyini söylədi. O dedi ki, birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda həm administrasiya dəyişikliyi, həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. O, Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsini, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatların buna ümid etməyə imkan verdiyini, buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarisinin təsəvvürünün qlobal apokalipsisi təsəvvür etməyə bərabər olduğunu və bu müharibədə heç kimin qalib olmayacağını vurğuladı. NATO-nun Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik göstərərək belə qorxulu ssenarinin reallaşmayacağına olan ümidini ifadə etdi.
Ölkə başçısı, Azərbaycan bundan sonra da Rusiya silahı almağı planlaşdırırmı və hansı həcmdə? sualına isə cavab olaraq belə bir fikrin olduğunu, amma ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmadığını bildirdi. Bunun səbəbini isə Rusiya müdafiə sənayesinin yerli istehlakçı üçün işləməsi olduğunu, Rusiyanın məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkildiyini, hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddətinin təxirə salındığını diqqətə çatdırdı. Vəziyyəti başa düşərək bununla razılaşdığımızı, bu vəziyyət nəticəsində həmin müqavilələrin icra oluna bilmədiyini, amma bizim Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izlədiyimizi dedi.
Aparıcı Nikol Paşinyanın KTMT ilə münasibətlərində geri dönüşün olmadığını açıqlaması, Fransa ilə münasibətləri fəallaşdırmasının regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə demək olduğunu soruşduqda Ali Baş Komandan bildirdi ki, bu, birbaşa təhlükə deməkdir, həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarda bunu dəfələrlə dediyimizi, narahatlığımızı ona çatdırdığımızı, eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırdığımızı söylədi. Bildirdi ki, təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər.
Müsahibəyə səlis və anlaşıqlı nitq və savadlı siyasi bacarığı ilə cavab verən Ölkə başçımız son olaraq dünyada baş verən dəyişiliklərə, gedən proseslərə öz münasibətini bildirmiş, hadisələrin müsbət yön almasına ümid etdiyini vurğulamışdır.
Əlisoy Nərgiz,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin müəllimi