Azərbaycan dünyada iqtisadi artım tempinə görə sürətlə inkişaf edən ölkələrdən biridir
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan dünyanın əksər ölkələri üçün nümunə təşkil edir. Buna səbəb isə düşünülmüş və ardıcıl surətdə islahatarın həyata keçirilməsi, ölkənin ümumi tərəqqisini təmin edən Dövlət proqramlarının uğurla reallaşdırılmasıdır. Məhz bu kontekstdə 2015-ci il də bütövlükdə ölkəmiz üçün uğurlu il olub. Əvvəlki illərdə olduğu kimi ötən il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı işlər görülüb, ölkəmizin dinamik inkişafı təmin edilib. Ötən il ölkə iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edib, sosial layihələrin icrası təmin olunub. Yeri gəlmişkən, Azərbaycan dünyada iqtisadi artım tempinə görə sürətlə inkişaf edən ölkələrdən biri olmaqla beynəlxalq maliyyə qurumlarının da diqqət mərkəzindədir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının regionda lider dövlətə çevrilməsi, bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, öz növbəsində, ölkəmizin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial rifah halının daha da yüksəlməsinə geniş imkanlar açıb. Qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları üzrə ardıcıl olaraq həyata keçirilən layihələr isə şəhər, qəsəbə və kəndlərimizin abadlaşması ilə nəticələnib. Bir sözlə, ölkəmizdə ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri regionların hərtərəfli inkişafına təkan verib və bu inkişafı cənub bölgəsinin timsalında da aydın görmək mümkündür. Hər halda sözügedən regionun əhatə olunduğu rayonlarda, o cümlədən Astarada ötən il ərzində əldə edilən nailiyyətlər də belə deməyə əsas verir. Daha doğrusu, ölkəmizin iqtisadi inkişafının, eləcə də bölgələrin əsaslı yüksəlişinin təməl bazası sayılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində regionların siması əhəmiyyətli şəkildə dəyişib, onların dinamik inkişafı təmin edilib. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb və bu siyasət davamlı xarakter daşıyır.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı