![](https://globalnews.az/wp-content/uploads/sites/11/2025/02/WhatsApp-Image-2025-01-19-at-02.29.53-780x470-1.jpeg)
Fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti bildirib ki, səfər zamanı iki ölkə arasında imzalanmış sənədlər əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.
“Regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq” – deyə Prezident İlham Əliyev bildirib.
İki ölkə liderlərinin müzakirə etdikləri sahələr sırasında, ən vaciblərindən biri təhsil sahəsi olub. Cənab Prezident İlham Əliyev qeyd edib ki, həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bakıda imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. Onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.
Tərəflər həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Qeyd olunub ki, Prezident Hasan Şeyx Mahmudun səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. “Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər” – Azərbaycan Prezidenti deyib.
Azərbaycanla Somali arasında müdafiə sahəsində əməkdaşlıq barədə sənəd imzalanıb və Prezident Mahmud Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.
Bəyanatda bildirilir ki, iki ölkənin xarici işlər nazirləri çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik.
Prezident Hasan Şeyx Mahmudun Bakıya səfəri zamanı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” kimi əhəmiyyətli sənədlər imzalanıb.
Azərbaycan dünyanın müxtəlif qütbləri, çoxsaylı ölkələri ilə beynəlxalq əlaqələrini durmadan inkişaf etdirir. Bu proses ölkəmizin nüfuzunun artması və dünya arenasındakı mövqeyini gücləndirməsi baxımından vacibdir.
Gültəkin Rüstəmova,
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin direktoru