
Yaxın zamanlarda Azərbaycanın müstəqillik tarixinin 35 illiyini qeyd edəcəyik. 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycanın ilk illərdə yaşadığı siyasi, iqtisadi böhran, müstəqilliyini itirmək təhlükəsi hər bir ölkənin gələcəyinin Liderin özündə birləşdirdiyi keyfiyyətlərdən, həyata keçirdiyi siyasətdən, baş verən hadisələri düzgün təhlil edib düzgün nəticə çıxarmaq bacarığından və sair kimi amillərdən asılı olduğunu bir daha nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyevin fikirlərinə istinad etsək, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Xalq bu reallığı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə bugünkü Azərbaycanı müqayisə etdikdə daha aydın görür.
1990-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etsə də, dərin siyasi böhran, hakimiyyət boşluğu və vətəndaş qarşıdurması ilə üz-üzə qalmışdı. Ölkə daxildən parçalanır, səriştəsiz idarəçilik ucbatından torpaqlarımız bir-birinin ardınca işğal olunur, iqtisadiyyat tamamilə çökürdü. Xalq həm daxili çəkişmələr, həm də xarici təhdidlər səbəbindən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır və taleyüklü dönəmdə xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyev hakimiyyətə qayıdaraq milli qurtuluşa gedən yolun başlanğıcını qoydu. Böyük Lider hər bir addımında millətin mənəvi gücünə və müstəqillik ideyasına güvənirdi. Xalqımızın təkidli çağırışı ilə 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməyə razılıq verən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan həmin ilin daha bir günü – oktyabrın 3-ü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə yeni və parlaq bir mərhələnin – milli dövlət quruculuğu dövrünün vacib tarixi günü kimi həkk olunmuşdur. Həmin gün xalqın yekdil səsi ilə Prezident seçilən Ümummilli Lider Heydər Əliyev parçalanmaq, daxili xaos və iqtisadi tənəzzül astanasında olan bir ölkəni xilas edərək Azərbaycanın müstəqil dövlət kimi tarix səhnəsindəki yerini möhkəmləndirdi. Ulu Öndərin zəngin irsi, sarsılmaz iradəsi və uzaqgörən fəlsəfəsi bu gün də inkişafımızın əsas mayakıdır.
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyi qorundu. Azərbaycanın hüquqi, qüdrətli dövlət olması üçün ölkənin demokratiya yolu ilə inkişaf etməsi, çoxmillətli respublikamızda milli həmrəyliyin, xalq-iqtidar birliyinin gücləndirilməsi başlıca şərt kimi önə çəkildi. Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün dünya azərbaycanlılarının həmrəyliyinə böyük diqqət göstərən, xalqımızda azərbaycançılıq təfəkkürünün, milli oyanışın formalaşması üçün tarixi addımılar atan Ulu Öndərin təşəbbüsü ilə keçirilən Dünya Azəbaycanlıarının I Qurultayı birliyimizi möhkəmlənməsində əhəmiyyətli rol oynadı.
Heydər Əliyevin yaratdığı dövlət modeli zamanın bütün sınaqlarından uğurla keçdi. Ümummilli Liderimizin gələcək nəsillərə vəsiyyət etdiyi tezislər bu gün hər bir azərbaycanlının milli andıdır: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik”. Elə bu anda sadiqliyinin nəticəsidir ki, Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qüdrətli dövlətdir. Məhz 1993-cü il oktyabrın 3-də xalqımız tərəfindən yekdil şəkildə atılan o müdrik tarixi addım – Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi bu gün düşmən tapdağından azad və xilas edilmiş torpqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanan üçrəngli bayrağımızın, bütöv və yenilməz Azərbaycanımızın əbədi təminatı olmuşdur.
Fazil Məhəmmədov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü



