
Avqustun 7-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara işgüzar səfər etdi. Trampın yenidən prezident seçilməsindən sonra Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamika bu səfərlə daha da möhkəmləndi. Bayden administrasiyası dövründə müəyyən gərginlik yaşayan ikitərəfli əlaqələr hazırda qarşılıqlı etimad və siyasi dialoq müstəvisində yeni mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyevin ABŞ-a səfəri, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş statusunun və diplomatik uğurlarının daha bir təsdiqi oldu. Vaşinqtonda aparılan danışıqlar və imzalanan sənədlər, təkcə ikitərəfli münasibətləri deyil, həm də regionda sabitlik və əməkdaşlıq imkanlarını genişləndirdi. Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş tarixi əhəmiyyət daşıyır. Bu görüş nəticəsində imzalanan Birgə Bəyannamədə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülhün, rifahın və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulandı.
Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması, Ermənistan üçün də beynəlxalq və daxili bağlantı imkanlarının yaradılması nəzərdə tutuldu. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası hazırlanacaq və bu, ölkəmiz üçün həm tarixi fürsət, həm də böyük məsuliyyətdir.
Səfər çərçivəsində iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu, SOCAR və ExxonMobil arasında əməkdaşlıq sazişi imzalandı. Bundan əlavə, 33 il davam edən 907-ci düzəliş sanksiyasının aradan qaldırılması da Prezident Trampın təşəbbüsü ilə reallaşdı.
Vaşinqton görüşlərinin nəticəsi olaraq Azərbaycan yalnız hərbi qələbəsini möhkəmləndirmədi, həm də diplomatiyada mühüm uğur qazanaraq Zəngəzur dəhlizinin açılmasına nail oldu.
Əliəkbər Novruzov,
Yeni Azərbaycan Partiyasının fəalı