AnalitikaGündəmSiyasət

Azərbaycan dili – xalqımızın milli sərvəti

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və dövlətçilik ənənələrinin əsas sütunlarından biri olan ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dili xalqımızın zəngin mədəniyyətini, mənəvi irsini və milli kimliyini yaşadan ən böyük sərvətlərdəndir.
Ulu Öndər Heydər Əliyev – ana dilimizin böyük himayədarı
Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ sovet dövründə böyük uzaqgörənlik nümayiş etdirən Ulu Öndərin qətiyyəti nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması xalqımızın milli maraqlarının qorunması baxımından mühüm tarixi hadisə idi.
Müstəqillik illərində də Ulu Öndər ana dilinin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Onun 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi təsis olundu. Bu qərar ana dilimizin nüfuzunun yüksəldilməsi, latın qrafikalı Azərbaycan əlifbasının tam tətbiqi və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addım oldu.
Bu gün Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dil siyasətini uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dilinin elektron informasiya məkanında geniş istifadəsi, latın qrafikalı nəşrlərin artırılması, klassik və müasir ədəbiyyat nümunələrinin yenidən nəşri, dil normalarının qorunmasına dair qəbul edilən dövlət proqramları ana dilimizin inkişafına verilən yüksək dəyərin bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ana dilinin qorunması milli kimliyimizin, dövlətçiliyimizin və milli birliyimizin əsas şərtlərindən biridir.
Dilimiz milli birliyimizin və dövlətçiliyimizin dayağıdır.
Azərbaycan dili bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli dəyər ətrafında birləşdirən ən güclü mənəvi bağdır. Dövlət dilimizin inkişafı yalnız mədəniyyətimizin deyil, həm də müstəqil dövlətimizin möhkəmlənməsinə xidmət edir. Gənc nəslin ana dilinə sevgi ruhunda tərbiyə olunması gələcəyimizin etibarlı təminatıdır.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər bir vətəndaşa ana dilimizin dəyərini bir daha xatırladır. Bu gün biz qürurla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Ana dilimizi qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.

Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button