![](https://globalnews.az/wp-content/uploads/sites/11/2025/02/cd0c9746b5-Azerbaycan-bayragi-milli-kimliyimizin-tesdiqi-780x470-1-1-2.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Bu müsahibə Azərbaycan-Çin münasibətləri, regional və qlobal iqtisadi inkişaf, nəqliyyat və logistika sahəsində əməkdaşlıq kimi mühüm mövzulara həsr olunmuşdur. Davos İqtisadi Forumu çərçivəsində baş tutan bu müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığa və iqtisadi inteqrasiyaya verdiyi önəmi vurğulayıb. Xüsusilə, “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolundan, tranzit potensialından və ölkənin həyata keçirdiyi infrastruktur layihələrindən danışıb. O, Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini və regionda etibarlı tərəfdaş olduğunu qeyd edib. Müsahibə zamanı həmçinin Azərbaycanın Çin ilə iqtisadi və siyasi əlaqələrinin inkişafına toxunulub. Son illərdə ticarət dövriyyəsinin artması, yeni investisiya layihələrinin reallaşdırılması və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsi xüsusi qeyd edilib.
Dünyada Azərbaycanın yerinə toxunan ölkə rəhbərimiz ölkəmizin müstəqilliyinin bərpasından bəri güclü və özünü təmin edən iqtisadiyyat qurduğunu bildirib. O, xarici borcun ÜDM-ə nisbətinin cəmi 6,9 faiz olduğunu qeyd edərək, Azərbaycanın regionda genişmiqyaslı layihələr həyata keçirdiyini və Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğunu vurğulayıb. Dövlət başçısı milli maraqların, həyat tərzinin və müstəqil siyasətin müdafiə edildiyini və bu istiqamətdə çoxlu uğurların əldə olunduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davosda, Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN telekanalına verdiyi müsahibə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması, milli maraqlarının qorunması və qlobal siyasi-iqtisadi mühitin bir parçası kimi çıxış etməsi baxımından çox vacibdir.
Bu müsahibənin əhəmiyyəti ilk növbədə, Azərbaycanın 2020-ci ildə Qarabağda qazandığı tarixi qələbə və bunun nəticəsində ərazi bütövlüyünün bərpa olunması kimi vacib bir prosesin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rola malikdir.
Davos kimi qlobal bir platformada, Prezident cənab İlham Əliyevin CGTN telekanalına müsahibəsi, Azərbaycanın Asiya regionu, xüsusən Çinlə olan siyasi və iqtisadi əlaqələrini gücləndirmək potensialına malikdir. Bu da ölkəmizin xarici siyasətində şaxələnmə və yeni bazarlara açılışı bərabərdir.
Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəal gənci