AnalitikaGündəmSiyasət

Azərbaycan-Çin strateji tərəfdaşlığının yeni mərhələsi başlayır

25 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu media orqanlarından biri olan CGTN telekanalına verdiyi geniş müsahibə iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini və beynəlxalq səviyyədə qarşılıqlı maraqların uzlaşdırılmasına dair konkret mesajların verildiyini göstərdi; bu müsahibədə Prezident İlham Əliyev Azərbaycanın regional və qlobal miqyasda artan rolunu, enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələri, Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakını, həmçinin Çin ilə ikitərəfli əlaqələrin müxtəlif aspektlərini xüsusi vurğuladı, o cümlədən Prezident “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Azərbaycanda gördüyü müsbət qarşılanmanı qeyd edərək, ölkəsinin bu təşəbbüs çərçivəsində oynadığı tranzit rolu və logistik imkanları barədə geniş məlumat verdi, eyni zamanda Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qlobal ticarətə verdiyi töhfəni, bu infrastrukturun inkişaf etdirilməsi istiqamətində görülən işləri və yeni əməkdaşlıq imkanlarını ətraflı şəkildə izah etdi, Prezidentin müsahibəsində Çinin dünyada artan iqtisadi və siyasi çəkisinə hörmətlə yanaşılması, Azərbaycanın Çinlə münasibətlərə verdiyi strateji önəm və bu əlaqələrin təkcə iqtisadi yox, həm də mədəni və humanitar sahələri əhatə edən çoxşaxəli formatda inkişaf etdirilməsi fikri bir daha ön plana çıxdı, Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələrdən məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın gələcəkdə genişlənəcəyini və qarşılıqlı investisiyaların artacağını bildirdi, bununla yanaşı, müsahibə zamanı Prezident Qarabağda postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də danışaraq, Azərbaycanın bu regionda müasir texnologiyalara əsaslanan “ağıllı kənd” və “ağıllı şəhər” layihələrini həyata keçirdiyini, ekoloji dayanıqlılığın və “yaşıl enerji” konsepsiyasının prioritet olduğunu, bu prosesə Çin texnologiyalarının cəlb olunmasının müsbət nəticələr verəcəyini vurğuladı, eyni zamanda Prezident İlham Əliyev müsahibədə Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunaraq, Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına tərəfdar olduğunu, ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanan sülh sazişinin imzalanmasının vacibliyini önə çəkdi, müsahibənin mühüm hissələrindən biri də Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalması, beynəlxalq əməkdaşlıqda ədalət və qarşılıqlı hörmətin əsas götürülməsi ideyası oldu ki, bu da Azərbaycanın xarici siyasətinin səmimiyyətini və balanslı xarakterini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev eyni zamanda qeyd etdi ki, Azərbaycan uzunmüddətli perspektivdə regionda enerji tranziti, nəqliyyat marşrutlarının diversifikasiyası və iqtisadi şaxələndirmə baxımından mühüm aktora çevrilib, bu isə ölkənin sabitliyi, güclü liderliyi və ardıcıl islahatlar nəticəsində əldə olunmuş nailiyyətlərlə bağlıdır, müsahibə zamanı xüsusilə Azərbaycanın “yaşıl enerji zonası” elan edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş, külək və hidroenerji potensialı əsasında qurulan layihələrdən danışıldı, bu kontekstdə Çin şirkətləri ilə əməkdaşlıq perspektivləri və bərpa olunan enerji texnologiyalarının tətbiqində ikitərəfli təcrübə mübadiləsi məsələləri geniş müzakirə olundu, Prezident bu kontekstdə COP29-un 2024-cü ildə Bakıda keçirilməsinin ölkəyə verilən beynəlxalq etimadın bariz nümunəsi olduğunu qeyd edərək, Azərbaycanın qlobal iqlim çağırışlarına aktiv şəkildə cavab verdiyini, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə öndə gedən ölkələrdən birinə çevrilməkdə olduğunu bildirdi, bu da Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artdığını, ölkənin təkcə enerji və nəqliyyat deyil, həm də ekoloji təhlükəsizlik baxımından da strateji mərkəzə çevrildiyini göstərdi, müsahibədə həmçinin Azərbaycan-Çin mədəni əlaqələri, tələbə mübadiləsi, turizm və elm sahəsində birgə layihələrin genişləndirilməsi perspektivləri də diqqət mərkəzində oldu.

Prezident İlham Əliyev Çində azərbaycanlı tələbələrin təhsili və bu ölkədə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, iki ölkə arasında qarşılıqlı anlayış və mədəni körpülərin qurulmasının gələcək əməkdaşlıq üçün möhkəm təməl olduğunu bildirdi, ümumilikdə Prezidentin CGTN-ə verdiyi bu müsahibə Azərbaycan Respublikasının xarici siyasətinin çoxvektorlu, sülhpərvər və tərəfdaşlığa əsaslanan kursunu bir daha nümayiş etdirdi, eyni zamanda Çin kimi iqtisadi və siyasi baxımdan güclü bir dövlətlə bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulmasının ölkəmizin strateji baxışlarının nə qədər düzgün qurulduğunun sübutu oldu, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq ölkə kimi nüfuz qazandığını, müxtəlif geosiyasi qütblər arasında balanslı siyasət apararaq həm regionda, həm də daha geniş miqyasda sabitlik və əməkdaşlığa töhfə verdiyini əyani şəkildə göstərdi.

Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button