
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib. Müsahibə zamanı Cənab Prezident Çin və Azərbaycan arasındakı əlaqənin inkişaf edən əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə dayandığını xüsusi vurğulamışdır.
Bildiyimiz kimi, 2023-cü il iyulun 3-də ölkələr arasında “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bu bəyannaməyə əsasən Çin və Azərbaycan arasında 1992-ci ildən mövcud olan diplomatik münasibətlərin və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, iki ölkənin maraqlarının birgə müdafiə edilməsi, hemçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi nəzərdə tutulub. Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad,dəstək kimi əsas prinsiplər üzərində qurulacaq. Belə bir bəyannamənin imzalanması tarixi hadisədir.
Azərbaycan hər zaman Çinlə qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Azərbaycanın böyük ticarət tərəfdaşı olduğunu nəzərə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub. İdxal üzrə bu göstərici 17,69 faizə çatıb.
Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Bundan əlavə, təhsil sahəsində də əməkdaşlığın sabit inkişafı bəyab edilib. Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb. Sonda Cənab Prezident baş tutacaq qarşıdakı səfərin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi işinə xidmət edəcəyindən əmin olduğunu vurğulayıb.
Cəfərova Ülviyyə,
Xəzər rayonu, S.Abbasov adına 117 nömrəli tam orta məktəbin müəllimi