
Müasir dünyada enerji təkcə iqtisadi resurs deyil, həmçinin dövlətlərin siyasi çəkisini, beynəlxalq nüfuzunu və geosiyasi mövqeyini müəyyən edən əsas amillərdən biri hesab edilir. Xüsusilə enerji ehtiyatlarının qeyri-bərabər paylandığı və enerji təhlükəsizliyinin qlobal problemə çevrildiyi bir dövrdə, enerji ixracatçısı olan ölkələr strateji üstünlük qazanırlar. Bu baxımdan Azərbaycan yalnız Cənubi Qafqaz regionunun deyil, eyni zamanda Avropa enerji təhlükəsizliyinin mühüm dayaqlarından biri kimi çıxış edir. Zəngin neft-qaz ehtiyatları, inkişaf etmiş nəqliyyat infrastrukturu və etibarlı tərəfdaş imici Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini ilbəil daha da gücləndirir.
Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına müsahibəsində qeyd edirdi ki, Cənubi Qafqaz regionunda neft və təbii qaz ixrac edən yeganə ölkə Azərbaycandır. Regionun digər ölkələri – Gürcüstan və Ermənistan – uzun illərdir enerji ehtiyaclarının əhəmiyyətli hissəsini Azərbaycandan idxal edir. Bu amil isə Azərbaycanın regiondaxili enerji təhlükəsizliyində aparıcı rolunu açıq şəkildə göstərir. Xüsusilə təbii qaz sahəsində Azərbaycan sabit və fasiləsiz təchizatçı kimi tanınır ki, bu da ölkəyə strateji etimad qazandırır. Son illərdə Avropa İttifaqı ilə Azərbaycanın enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoymuşdur. Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan mühüm yer tutur. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici Azərbaycanın Avropa enerji bazarında etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul edildiyini sübut edir. Avropa ölkələri üçün bu əməkdaşlıq enerji təhlükəsizliyinin möhkəmləndirilməsi deməkdirsə, Azərbaycan üçün isə stabil bazara çıxış imkanı yaradır.
Məlumdur ki, Azərbaycanın enerji sahəsində uğurunun əsas səbəblərindən biri də müasir və geniş coğrafi əhatəyə malik boru kəməri sistemidir. Bakı-Qroznı-Novorossiysk neft kəməri (Şimal marşrutu), Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri), Bakı–Tbilisi–Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətti, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans Adriatik Boru Xətti) layihələri Azərbaycan qazını və neftini birbaşa beynəlxalq bazarlara çıxarır. Boru kəmərlərinin coğrafi əhatəsinə görə Azərbaycan dünyada aparıcı ölkələrdən biri hesab olunur. Bu infrastruktur ölkənin enerji ixracında fasiləsizliyi və təhlükəsizliyi təmin edir.
Trans-Anadolu Qaz Kəməri təkcə “Şahdəniz” layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Trans Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 8 mlrd. ABŞ dollar olmuşdur.
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP layihəsi CQBK və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutub. TAP boru kəməri Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənərək İtaliyanın Puqlia bölgəsində sahilə çıxır. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, bp, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Bu Sazişin ardınca 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun müqavilə ərazisində əlavə bir hasilat platformasının tikintisi üzrə razılaşma əldə olunub. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2049-cu ilin sonunadək uzadılmış sazişə əsasən, bp fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyulub. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.
2018-ci il oktyabrın 18-də Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. “Star” zavodunun ümumi neft emalı gücü 11 milyon ton olmaqla, müxtəlif həcmlərdə dizel yanacağı, təyyarə yanacağı, yüngül nafta və digər emal məhsullarını istehsal etmək imkanına malikdir. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatının böyük hissəsini ödəmək iqtidarındadır.
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzəryanı ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən, həmçinin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur. Azərbaycanın beynəlxalq enerji bazarlarında iştirak imkanlarının genişləndirilməsi ölkənin iqtisadi gücünün və siyasi nüfuzunun artmasına birbaşa təsir göstərir. Enerji resurslarının səmərəli idarə olunması və yeni layihələrin həyata keçirilməsi Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini daha da möhkəmləndirir. Bu kontekstdə, 2020-ci ildə “Qarabağ” neft yatağının kəşfi müstəqil Azərbaycanın enerji tarixində mühüm hadisə kimi qiymətləndirilir. Müstəqillik dövründə aşkar edilmiş ilk neft yatağı olan “Qarabağ”ın ilkin geoloji ehtiyatlarının 70 milyon tondan artıq olması ölkənin karbohidrogen potensialının hələ də yüksək olduğunu nümayiş etdirir.
Eyni zamanda, daxili emal imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən genişmiqyaslı yenidənqurma və modernləşdirmə layihəsi nəticəsində 2023-cü ildən etibarən “Avro-5” ekoloji standartlarına cavab verən dizel yanacağının, 2024-cü ildən isə müasir tələblərə uyğun benzinin istehsalına başlanılmışdır. Bu proses həm ətraf mühitin qorunmasına, həm də daxili bazarın keyfiyyətli yanacaqla təmin olunmasına xidmət edir. Bununla yanaşı, Azərbaycan enerji siyasətində regional əməkdaşlığın dərinləşdirilməsinə də xüsusi önəm verir. 2021-ci il yanvarın 21-də Azərbaycan Respublikası ilə Türkmənistan arasında Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənilməsi və istismarı ilə bağlı Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə mühüm addım olmuşdur. Sözügedən razılaşma Xəzər hövzəsində enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın gücləndiyini göstərir.
Nəticə etibarilə, Azərbaycan Cənubi Qafqazda enerji sahəsində aparıcı və əvəzolunmaz mövqeyə malikdir. Zəngin təbii resurslar, güclü nəqliyyat infrastrukturu və etibarlı beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracını davamlı və strateji xarakterə çevirir. Bu amillər Azərbaycanın yalnız region üçün deyil, bütövlükdə Avropa üçün mühüm enerji təminatçısı olduğunu sübut edir və ölkənin gələcəkdə də qlobal enerji xəritəsində önəmli rol oynayacağını göstərir.
Əsədova Əminə,
Xəzər rayonu,92 nömrəli tam orta məktəbin tarix müəllimi



