AnalitikaGündəmSiyasət

Azərbaycan bu gün qlobal problemlərin həllində dialoq platforması təklif edən mühüm siyasi mərkəzdir

Martın 12-də Bakıda, “Gülüstan” sarayında öz işinə başlayan XIII Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu tədbir “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Prezident İlham Əliyevin açılış mərasimindəki genişmiqyaslı çıxışı həm regional, həm də qlobal siyasi mənzərənin təhlili baxımından mühüm mesajlarla zəngin olub.

  1. Qlobal Təhlükəsizlik və Yeni Dünya Nizamı

Dövlət başçısı dünyada baş verən geosiyasi dəyişikliklərə toxunaraq qeyd edib ki, hazırda beynəlxalq münasibətlər sistemi ciddi sınaq qarşısındadır. Prezident vurğulayıb ki, hazırda istənilən ölkənin gündəliyində təhlükəsizlik və sabitlik birinci yerdə olmalıdır. Bunlar olmadan digər bütün inkişaf sahələri əhəmiyyətini itirir.” İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.”

  1. Cənubi Qafqazda Sülh və Ermənistanla Münasibətlər

İlham Əliyev regiondakı cari vəziyyət və sülh prosesinin gedişatı barədə mühüm bəyanatlar verib. Prezident qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh artıq təkcə kağız üzərində deyil, faktiki olaraq mövcuddur. Tərəflər arasında ticarət əlaqələrinin qurulması sülhün uzunmüddətli olacağından xəbər verir. Ermənistanın öz müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevrilmə imkanı qazandığı və bunun regionun iqtisadi konfiqurasiyasını dəyişəcəyi bildirilib.

  1. Enerji Təhlükəsizliyi və Azərbaycanın Rolu

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji rolu çıxışın ana xətlərindən birini təşkil edib. Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyi və enerji təhlükəsizliyinin artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi vurğulanıb. Münaqişələr nəticəsində ənənəvi yolların sıradan çıxdığı bir vaxtda Azərbaycan vasitəsilə daşınan yüklərə tələbatın artdığı və ölkəmizin mühüm qlobal qovşağa çevrildiyi qeyd edilib.

  1. COP29 və İqlim Fəaliyyəti

Forumda həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi və yaşıl enerji keçidi məsələlərinə toxunulub. Prezident Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal rolunu və beynəlxalq həmrəyliyin vacibliyini xatırladıb.

XIII Qlobal Bakı Forumu 40-dan çox ölkədən 400-ə yaxın nümayəndəni, o cümlədən sabiq dövlət və hökumət başçılarını, Nobel mükafatı laureatlarını və beynəlxalq ekspertləri bir araya gətirib.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan təkcə regional güc deyil, həm də qlobal problemlərin həllində dialoq platforması təklif edən mühüm siyasi mərkəzdir.

Əliyev Toğrul,
Nizami rayonunun fəal gənci, Azərbaycan Diplomatiya Akademiyasının tələbəsi

Oxşar Xəbərlər

Back to top button