
Otuz ilə yaxın davam edən danışıqlar prosesi Azərbaycanın ümidlərini doğrultmadı. ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini icra etdirmək əvəzinə, işğalçıya təzyiq göstərməkdən çəkinərək status-kvonu qoruyub saxlamağa üstünlük verdilər. Bu isə Ermənistanın mövcud vəziyyətdən sui-istifadə etməsinə və işğalı davam etdirməsinə şərait yaratdı. Nəticədə, münaqişə “dondurulmuş münaqişə” adı altında beynəlxalq ictimaiyyətin diqqətindən kənarda saxlanıldı, Azərbaycanın fundamental hüquqları isə illərlə pozulmağa davam etdi.
Azərbaycan xalqı bu ədalətsizliklə barışmadı. Lakin bütün bu illər ərzində rəsmi Bakı diplomatik müstəvidə münaqişənin dinc həlli üçün səylərini davam etdirdi. Təəssüf ki, Ermənistan qeyri-konstruktiv mövqeyini dəyişmədi, təxribatlarını artırdı və yeni ərazilər iddiasından əl çəkmədi. Nəhayət, 2020-ci ilin payızında Azərbaycan artıq öz taleyini özü həll etməyə məcbur oldu. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, yəni özünümüdafiə hüququndan istifadə edərək Ermənistanın təcavüzünə son qoymaq üçün hərbi əməliyyatlara başladı.
Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozdu. Şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atıldı, kasetli mərmilərdən istifadə olundu. Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələri məqsədli şəkildə bombalandı. Bu hücumlar nəticəsində 100-dən çox günahsız mülki vətəndaş, o cümlədən qadınlar və uşaqlar qətlə yetirildi, minlərlə insan yaralandı. Ermənistanın bu hərəkətləri açıq-aşkar hərbi cinayət idi və insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir.
Azərbaycan isə tam əks mövqedən çıxış etdi. Silahlı Qüvvələrimiz müharibəni beynəlxalq humanitar hüquqa riayət etməklə apardı. Ordumuzun əsas hədəfi yalnız hərbi obyektlər və işğalçı qüvvələrin mövqeləri oldu. Mülki şəxslərin təhlükəsizliyinin təmin olunması, yaşayış məntəqələrinin qorunması üçün xüsusi diqqət göstərildi. Azərbaycan dövləti müharibə zamanı da humanist prinsiplərə sadiq qalaraq qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkinməyə çalışdı.
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu öz tarixi missiyasını yerinə yetirdi – işğal altında olan torpaqlarımız azad edildi. Bu qələbə yalnız hərbi üstünlüyün nəticəsi deyil, həm də xalqımızın birliyi, siyasi iradənin qətiyyəti və beynəlxalq hüququn prinsiplərinə sadiqliyin təntənəsi idi.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə həm də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etmiş oldu. Yəni Azərbaycan beynəlxalq hüququn tələbini özü yerinə yetirdi. Bu, tarixi ədalətin bərpası idi.
Bu gün Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu müharibə göstərdi ki, əgər beynəlxalq mexanizmlər ədaləti təmin etmirsə, dövlət öz gücünə arxalanaraq haqqını qoruya bilər. Azərbaycanın qələbəsi həm də regionda yeni reallıqlar yaratdı, sülh və əməkdaşlıq üçün zəmin formalaşdırdı.
YAP Xəzər rayon təşkilatının gənc fəalı
Leyla Həsənova