
Uzun illər boyunca dünya siyasətində nisbətən sabit bir düzən vardı: güc mərkəzləri, iqtisadi bloklar və beynəlxalq təşkilatların təsir imkanları aydın şəkildə bölünmüşdü. Lakin son illərdə baş verən hərbi münaqişələr, iqtisadi böhranlar və texnoloji asılılıqlar bu düzəni alt-üst edib. Artıq beynəlxalq münasibətlərdə nə əvvəlki qaydalar işləyir, nə də ənənəvi balanslar qorunur.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, hazırkı beynəlxalq mühitdə hər kəs özünü daha çox təcrid olunmuş və risklərə açıq vəziyyətdə hiss edir. Dünya nizamı anlayışı yerini xaotik maraqlar toqquşmasına verib. Güc sahibləri öz maraqlarını bir-birinə zidd şəkildə reallaşdırmağa çalışır, nəticədə isə ortaq etimad və universal normalar zəifləyir. Bu da beynəlxalq hüququn və BMT kimi qurumların effektivliyini şübhə altına alır.
Yeni dünya düzəni formalaşmır əksinə, əvvəlkinin dağılması prosesi hələ də davam edir. Bu prosesin nə zaman və necə başa çatacağı məlum deyil. Belə bir zamanda liderlərin strateji baxışı, milli maraqları qorumaqla yanaşı qlobal sabitliyə də töhfə verməsi daha da ön plana çıxır. Prezident İlham Əliyev də öz çıxışlarında bu qeyri-müəyyənliyə diqqət çəkərək, Azərbaycanın prinsipial və balanslı mövqeyini ortaya qoyur.
Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı