AnalitikaGündəmSiyasət

Azərbaycan artıq inkişaf etmiş ölkələr sırasındadır

Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan 2024-cü ili də uğurlu iqtisadi göstəricilərlə başa vurub. Azərbaycan artıq tarixə dönən 2014-cü ildə də dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb, respublikamızda makroiqtisadi sabitlik qorunub, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, əvvəlcədən nəzərdə tutulan infrastruktur layihələri, sosial proqramlar tam şəkildə reallaşdırılıb. Yeri gəlmişkən, cari il yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2024-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı dünyada baş verən mənfi proseslərə baxmayaraq, ölkəmizin təhlükəsizliyinin təmin edildiyini və respublikamızın ötən ildə də öz sürətli inkişaf tempini saxladığını diqqətə çatdıraraq vurğulayıb: “Ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, həm ümumi daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin edilmişdir”.

Ümumi daxili məhsulun artması hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas amildir. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar verir. Son 11 ildə dünya ölkələri üzrə ÜDM-in artım dinamikasında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, haqqında bəhs olunan dövrdə ölkəmizin iqtisadiyyatı davamlı olaraq genişlənib və öz potensialını daha da artırıb. Sevindirici haldır ki, bu cəhətdən ötən il də istisna olmayıb. Bütövlükdə dünya üçün çətin keçən 2024-cü ildə ölkəmizin iqtisadi inkişaf dinamikasını saxlaması Azərbaycanın qlobal risklərə həssas olmadığını bariz şəkildə nümayiş etdirir. Məlumdur ki, dünyadakı mənfi tendensiyaların fonunda ayrı-ayrı ölkələrdə ÜDM nəinki zəif artır, hətta bir sıra hallarda bu sahədə geriləmə müşahidə edilir. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir.

Qlobal risklər, o cümlədən də dünya birjalarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması ilk növbədə ölkəmizdə Prezident İlham Əliyevin səyləri sayəsində zamanında həyata keçirilən məqsədyönlü diversifikasiya siyasəti ilə bağlıdır. Məlumdur ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Tarixən neft istehsalı və emalı respublikamızın iqtisadiyyatında xüsusi yer tutub və ənənələr indi də qalmaqdadır. Bununla belə, həyata keçirilən islahatlar, ələlxüsus da qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi sayəsində Azərbaycan iqtisadiyyatının çoxqütblülüyü təmin olunub. Həyata keçirilən uğurlu diversifikasiya siyasəti, neft gəlirlərinin məqsədyönlü şəkildə innovativ sənaye quruculuğuna, aqrar sektorun inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafına güzəştli maliyyə təminatı göstərilməsi, zəruri infrastruktur qurulması və bu kimi tədbirlər nəticəsində son 5 ildə ölkə iqtisadiyyatının artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə yüksəlib. Ulu öndər Heydər Əliyevin siyasi kursunun böyük əzm və məharətlə davam etdirilməsi, Prezident İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində Azərbaycanda, sözün əsl mənasında, sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunub. Bu illərdə  möhtəşəm inkişaf yolu keçən Azərbaycanın həm iqtisadi müstəqilliyi möhkəmlənib, həm də regional və qlobal miqyasda geoiqtisadi rolu artıb. Qarşıdakı hədəflər isə bəllidir. Bu hədəflərə çatmaq üçün qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməsini təmin edəcək.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button