
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə, Azərbaycan–Amerika münasibətlərinin 2025-ci ildə yeni keyfiyyət mərhələsinə keçdiyini nümayiş etdirən ən mühüm siyasi çıxışlardan biri kimi diqqət çəkir. Prezident İlham Əliyev bu münasibətləri xarakterizə edərkən xüsusi vurğulayır ki, Azərbaycanla Amerika arasındakı əlaqələr artıq “çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir”. Bu ifadə təkcə ümumi qiymətləndirmə deyil, konkret addımlar və real fəaliyyətlərlə izah edilən yeni əməkdaşlıq modelidir. Müsahibədə Prezident İlham Əliyev həm siyasi, həm iqtisadi, həm də institusional istiqamətlərdə həyata keçirilən prosesləri ardıcıllıqla təqdim edir və bu proseslərin Azərbaycan üçün yaratdığı imkanlara diqqət çəkir.
Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycan–ABŞ münasibətlərinin qarşılıqlı fayda əsasında inkişaf etməsidir. O qeyd edir ki, ABŞ üçün də, Azərbaycan üçün də əməkdaşlıq önəmlidir. Dövlət başçısının fikrincə, ABŞ-də Prezident Tramp administrasiyasının hakimiyyətdə olması bu praqmatik yanaşmanı gücləndirir. Prezident İlham Əliyev Tramp administrasiyasını “çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu yaxşı bilən” bir komanda kimi təqdim edir. Bu yanaşma, ABŞ-nin öz milli maraqlarını təmin etmək üçün regionda güclü potensiala malik Azərbaycanla əməkdaşlıq etməyi məqsədəuyğun saydığını göstərir. Eyni zamanda, Azərbaycan üçün də belə münasibətlərin inkişafı strateji maraqlara uyğundur.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın müstəqillik qazandığı dövrdən bəri ABŞ ilə əlaqələrin üzərində dolaşan 907-ci düzəlişin illərlə bu münasibətləri məhdudlaşdırdığını bildirir. O, bu düzəlişi “qara bulud” kimi xarakterizə edir və bunun anti-Azərbaycan qüvvələrinin və erməni lobbisinin fəaliyyəti nəticəsində ortaya çıxdığını vurğulayır. Lakin Prezident İlham Əliyevin fikrincə, artıq bu məhdudiyyətlər aradan qalxıb və iki əsas səbəb bunu təmin edib: Ermənistan–Azərbaycan müharibəsinin rəsmən sona çatması və ABŞ-də yeni administrasiyanın hakimiyyətə gəlməsi. Bu yeni reallıq, Azərbaycan–ABŞ əlaqələrinin praktik müstəviyə keçməsi üçün zəmin yaradıb.
Praktik əməkdaşlıq modelinin ən mühüm göstəricilərindən biri Prezident İlham Əliyevin ABŞ-yə ezam etdiyi rəsmi heyətlərdir. Dövlət başçısı bildirir ki, oktyabr ayından bu yana onun tərəfindən nazirlərdən, özəl sektor nümayəndələrindən və digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət Amerikaya göndərilib. Bu fakt göstərir ki, Azərbaycan–ABŞ münasibətləri sadəcə yüksək səviyyəli görüşlərlə məhdudlaşmır, eyni zamanda, sistemli şəkildə müxtəlif sahələr üzrə işçi səviyyəsində inkişaf etdirilir. Prezident İlham Əliyevin vurğuladığı “çox fəal diplomatik hərəkət” ifadəsi də bunu təsdiqləyir: diplomatik münasibətlər passiv gözləmə mərhələsində deyil, aktiv nəticə əldə etməyə yönəlmiş prosesə çevrilib.
Prezident İlham Əliyev bu heyətlərin fəaliyyəti barədə danışarkən qeyd edir ki, demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili, eləcə də münasibətlərin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye sahələrini əhatə etməsi məsələləri müzakirə olunur. Bu, Azərbaycan–ABŞ əlaqələrinin çoxşaxəli və kompleks xarakter aldığını göstərir. Burada diqqətçəkən cəhət odur ki, əməkdaşlıq yalnız enerji və təhlükəsizlik kimi ənənəvi sahələrlə məhdudlaşmır, iqtisadiyyatın geniş spektrinə yayılır və yeni institusional çərçivə daxilində formalaşır.
Bu institusional çərçivənin mühüm elementi Amerika ilə Azərbaycan arasında Strateji İşçi Qrupunun yaradılmasıdır. Prezident İlham Əliyev bildirir ki, bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə fəal iş başlayıb. Strateji İşçi Qrupu, münasibətlərin nəticəyönümlü olmasının institusional təminatıdır. Çünki belə qruplar adətən konkret sahələr üzrə planlaşdırma, koordinasiya, monitorinq və icra mexanizmlərini formalaşdırır. Prezident İlham Əliyevin müsahibəsində bu qrupun yaradılmasının “sənəd” səviyyəsində təsdiqləndiyi qeyd olunur. Bu da göstərir ki, proses rəsmi şəkildə institusional əsas alıb.
Praktik əməkdaşlıq modelinin daha bir göstəricisi Prezident İlham Əliyevin investisiya və iqtisadi planları barədə söylədiyi fikirlərdir. Dövlət başçısı qeyd edir ki, Azərbaycanın ABŞ-yə yatırdığı investisiyaların müəyyən tarixi var və əvvəllər bu investisiyalar əsasən qiymətli kağızlara yönəlmişdi. Lakin indi iki ölkə arasında münasibətlərin yeni mərhələsindən sonra Azərbaycan real iqtisadiyyat layihələrinə investisiya yatırmaq üçün müxtəlif seçimləri nəzərdən keçirir. Bu yanaşma göstərir ki, Azərbaycan investisiya strategiyasını genişləndirir və ABŞ bazarında daha real layihələrə yönəlməyi planlaşdırır. Bu, həm iqtisadi əməkdaşlıq sahəsində yeni mərhələnin başlanğıcı, həm də siyasi yaxınlaşmanın nəticəsidir.
Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın hədəflərindən birinin regional süni zəka qovşağına, IT mərkəzinə çevrilmək olduğunu bildirir. O qeyd edir ki, Azərbaycanda məlumat mərkəzlərinin yaradılması üzərində çalışılır. Burada dövlət başçısının vurğuladığı mühüm məqam Azərbaycanın enerji üstünlüyüdür. Prezident İlham Əliyev bildirir ki, məlumat mərkəzləri çoxlu elektrik enerjisinə ehtiyac duyur və regionda əlavə elektrik enerjisi imkanına malik yeganə ölkə Azərbaycandır. O, əlavə olaraq, daxili məqsədlər üçün istifadə edilməyən 2000 meqavat və ya 2 giqavat həcmində əlavə gücün mövcud olduğunu qeyd edir. Bu fakt, Azərbaycan–ABŞ əməkdaşlığının yeni texnoloji və innovasiya sahələrinə keçə biləcəyini göstərir.
Azərbaycan–ABŞ əlaqələrinin nəticəyönümlü xarakterini daha bir aspektdə də görmək mümkündür: Strateji İşçi Qrupunun yaradılmasından sonra Avropanın bir neçə aparıcı ölkəsi Azərbaycanla strateji tərəfdaşlıq qurmaq üçün müraciət edib. Prezident İlham Əliyev bunu Vaşinqtondan daxil olan siqnal kimi qiymətləndirir. Bu, ABŞ ilə əməkdaşlığın Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdiyini və digər aktorların da Azərbaycanla münasibətlərini yeni səviyyəyə qaldırmağa maraq göstərdiyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin müsahibəsinə əsasən, Azərbaycan–ABŞ münasibətləri 2025-ci ildə yeni bir mərhələyə daxil olub: bu mərhələ praktik əməkdaşlıq, nəticəyönümlü diplomatiya, investisiya gündəmi və institusional mexanizmlərlə xarakterizə olunur. Prezident İlham Əliyevin vurğuladığı kimi, ümidlər böyükdür və nəticələr artıq təsirlidir. Bu isə onu göstərir ki, Azərbaycan–ABŞ əlaqələri təkcə siyasi bəyanatlarla deyil, konkret addımlar, proqramlar, strateji planlar və real əməkdaşlıq layihələri ilə irəliləyir.
Hüseyn Məsimov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri,
“Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi



