
2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycan Respublikasının silahlı qüvvələri tərəfindən Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı müstəqil dövlətçilik tariximizdə mühüm dönüm nöqtələrindən biri oldu. Bu əməliyyat yalnız hərbi-strateji deyil, həm də siyasi və tarixi baxımdan ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etmək istiqamətində atılmış mühüm addım idi. 1994-cü ildə atəşkəs elan edilməsinə baxmayaraq Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin qalıqları uzun müddət mövcudluğunu qorumuşdu. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etsə də, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz erməni silahlı dəstələri qalmaqda davam edirdi. Bu silahlı birləşmələr vaxtaşırı təxribatlar törədir, Azərbaycan əsgərlərinə və mülki şəxslərə qarşı diversiya xarakterli hücumlar edirdilər. 2023-cü ilin sentyabrında mina partlayışı nəticəsində 6 Azərbaycan vətəndaşının, o cümlədən polis əməkdaşlarının şəhid olması ölkədə böyük hiddət doğurdu və bunun ardınca Azərbaycan dövlətinin cavab tədbirləri labüd hala gəldi. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz qətiyyətli mövqe sərgiləyərək ordunun lokal antiterror tədbirlərinə başlamasına qərar verdi və bu, ölkəmizin suveren hüquqlarının təmin olunması yolunda mühüm siyasi iradənin təzahürü oldu. Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində əməliyyata başladı. Əməliyyatın əsas məqsədi bölgədəki qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirmək, silah-sursat anbarlarını məhv etmək və konstitusiya quruluşunu bərpa etmək idi. Əməliyyat zamanı yüksək dəqiqlikli silahlardan istifadə edildi, yalnız hərbi obyektlər hədəfə alındı. Ordumuzun peşəkarlığı və texnoloji üstünlüyü nəticəsində çox qısa müddətdə erməni silahlı qüvvələrinin müqavimət imkanları sıradan çıxarıldı. Cəmi 24 saat davam edən əməliyyat nəticəsində separatçıların silahlı qüvvələri təslim oldu, onların rəhbərliyi isə Azərbaycan dövlətinin şərtlərini qəbul etməyə məcbur qaldı. Əməliyyatın ən mühüm nəticəsi Azərbaycanın suveren hüquqlarının bütün Qarabağ ərazisində bərpası oldu. Qanunsuz hərbi dəstələr tərksilah edildi, separatçı qurum özünü buraxdı və bununla da Azərbaycan ərazisində paralel və qanunsuz silahlı strukturların mövcudluğuna son qoyuldu. Prezident İlham Əliyev əməliyyatdan sonra xalqa müraciətində qeyd etdi ki, Qarabağ əhalisi Azərbaycan vətəndaşlarıdır və onların hüquqları ölkə Konstitusiyası ilə qorunacaq. Dövlət başçısının həm diplomatik, həm də hərbi sahədə qətiyyətli siyasəti nəticəsində Azərbaycan beynəlxalq hüquqa uyğun addım atdı və dünyada ölkəmizin haqq səsi eşidildi. Əməliyyatın uğurla başa çatması bir daha göstərdi ki, Prezidentin “Güclü dövlət – güclü ordu” konsepsiyası tam təsdiqini tapıb. 19–20 sentyabr antiterror əməliyyatı yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni siyasi reallıq yaratdı. İllərdir davam edən silahlı separatizm problemi birdəfəlik aradan qaldırıldı və bu, həm də regionda uzunmüddətli sülhün bərqərar olunması istiqamətində mühüm zəmin formalaşdırdı. Beynəlxalq aləm də hadisələri diqqətlə izləyirdi, bir çox dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və suveren hüquqlarını həyata keçirmək haqqını dəstəklədilər. Bununla yanaşı, əməliyyatın sürətli və peşəkar aparılması, mülki əhaliyə zərər verilməməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Azərbaycan xalqı üçün bu əməliyyat sadəcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. On illərlə davam edən separatçı rejim, qanunsuz silahlı dəstələr və qeyri-müəyyənliklər aradan qaldırıldı. Artıq Qarabağda yalnız Azərbaycan qanunları işləyir, dövlət bayrağımız bütün bölgədə dalğalanır. Bu əməliyyat, eyni zamanda, dövlətimizin gücünü, ordumuzun hazırlıq səviyyəsini və xalqımızın birliyini nümayiş etdirdi. Azərbaycanın müasir ordusu qısa müddətdə və minimum itkilərlə strateji məqsədlərinə çatdı. Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi bu uğurun təminatçısı oldu.
Sahil Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi