
27 sentyabrda başlayan müharibə yalnız cəbhə xəttində getmirdi, bütün ölkə bir döyüş meydanına çevrilmişdi. Ön cəbhədə əsgərimiz düşmənlə vuruşarkən, arxa cəbhədə mülki əhalimiz misilsiz həmrəylik göstərirdi. Yaşından, peşəsindən və sosial vəziyyətindən asılı olmayaraq hər kəs qələbə üçün çalışırdı.
Cəbhəyə göndərilən yardım karvanları, gecə-gündüz çalışan tibb işçiləri, informasiya cəbhəsində mübarizə aparan gənclər – hamısı vahid məqsəd üçün birləşmişdi. Düşmənin raket atəşinə tutduğu Gəncə, Bərdə, Tərtər sakinləri öz evlərini tərk etməyərək məğrurluq nümayiş etdirdilər. Mülki şəxslərimizin metanəti ordumuzun döyüş ruhunu daha da artırırdı.
Bu həmrəylik Azərbaycanın sarsılmaz milli birliyini bütün dünyaya göstərdi. Xalq öz rəhbərinin və ordusunun ətrafında sıx birləşərək daxili və xarici təzyiqlərə sinə gərdi. Arxa cəbhənin dəstəyi olmadan ön cəbhədə böyük zəfərlər qazanmaq mümkün olmazdı.
Anım Günündə biz həm cəbhədə şəhid olan hərbçilərimizi, həm də düşmən terrorunun qurbanı olan mülki vətəndaşlarımızı hörmətlə yad edirik. Onların xatirəsi bizim üçün müqəddəsdir. Bu birlik və həmrəylik bizim en böyük sərvətimizdir.
Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini



