Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi
Nəhayət, gözlədiyimiz fürsət yetişdi. 2020-ci il sentyabrın 27-də ermənilər yenidən təxribat törətmək istədi. Ancaq Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın göstərişi ilə uğurlu əks–hücum əməliyyatına başlayaraq 30 illik həsrətə son qoydu. Azərbaycan Ordusunun rəşadəti, Prezidentimizin uzaqgörən, diplomatik bacarığı sayəsində əks-hücum əməliyyatı qələbə ilə nəticələndi və doğma Qarabağımız işğaldan azad edildi.
Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırılıb. Belə ki, Türkiyənin nüfuzlu “A Haber”, “TRT Haber”, “CNN Türk”, “TV 100 “ kanallarında və “Yeni Şafak”, “Takvim”və s. qəzetlərində , “Ensonhaber.com” və digər elektron nəşrlərində dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb.
Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımı cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Ali Baş Komandanın Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktı və təxribatlar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması barədə fikirləri yer alıb. Çıxışda Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını bildirilib. Müraciətində cənap prezident Qarabağın erməni sakinlərinə də mesajlar göndərərək bildirib ki, Azərbaycan dövləti və xalqının bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmayıb.
Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin bundan sonra dinc yaşayacaqları, regionun inkişafı, heç kimin Azərbaycanla ultimatum dilində danışa bilməyəcəyi , regionda yeni dövrün başlanacağı barədə fikirləri xüsusi qeyd olunub. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün–23 saat, 43 dəqiqə ərzində yerinə yetirildi. Nəticədə Azərbaycan öz suverenliyini bərpa etmişdir.
Azərbaycan azad cəmiyyətdir. Azərbaycan çoxmillətli, çox konfessiyalı dövlətdir. Bu bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı–seçkilik olmayıb və olmayacaq. Bizə xor baxanlar,torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktant və ultimatum dilində danışa bilməz!
Xəlilova Firəngiz,
Xəzər rayonu, E.Əliyev adına 234 nömrəli tam orta məktəbin tarix müəllimi