Anlaşma Memorandumu ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir

Azərbaycan Respublikasının Prezidenti 25 aprel 2023-cü il tarixində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində iştirak etmişdir.
Bu Anlaşma Memorandumu ölkəmiz üçün önəmlidir. Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox vacib addımdır. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.
Bolqarıstan-Azərbaycan əlaqələrinin mohkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bir ay əvvəl Bolqarıstan Prezidenti Radev Azərbaycanda rəsmi səfərdə olub. Bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir.Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
O cümlədən ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək.
Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaq. Yerli qazpaylayıcı sistemin qurulması məqsədilə müvafiq danışıqlar aparılır. Azərbaycan hökuməti Albaniya ilə danışıqlar aparır. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək.
Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. “Ən azı” ona görə ki, bu, planların sonu deyil. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır.
Bütün bu atılan addımlar, imzalanan saziş və memorandumlar Azərbaycan Respublikası Prezidentinin güclü siyasətinin bariz nümunəsidir ki, ölkəmiz Avropanın güclü strateji əməkdaşına çevrilir.
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru