“Anım Günü” iftixar hisslərinin səbəbidir
Əsrlər boyu davam edən erməni xisləti XX əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərindən başlayaraq özünü daha da qabarıq göstərməyə başladı. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etməsi, ölkəmizə qarşı hərbi təcavüzə başlaması bu xislətin dərinliyini bir daha göstərdi. Həmin dövrlərdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 %-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Ölkəmizə qarşı edilən hərbi təcavüzlərin aradan qaldırılması üçün həyata keçirilən qətnamələr, siyasi görüşlər, 30 ilə yaxın davam edən danışıqlar prosesi heç bir nəticə verməmiş, Ermənistanın işğalçılıq siyasəti illər ərzində öz mövqeyini dəyişməmişdir. 2019-cu ildən başlayaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar münaqişənin yalnız hərbi yolla həllini tapacağını labüdləşdirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdiyi növbəti təxribat Azərbaycan xalqının səbr kasasını daşdıran son damla oldu. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatı 44 günlük Şanlı tariximizin ilk addımı oldu.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Sözsüz ki, hər kəsə məlum olduğu kimi qələbəmizin əsasında Prezident Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclərin qəhrəmanlığı durur. Qələbəmizə gedən bu şanlı yolda şəhidlər verdik. Bu qələbə 2908 azərbaycan övladının qanı, canı bahasına əldə olundu.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
“Anım Günü “ hər il xüsusi həssaslıqla qeyd edilir, şəhidlərimiz dərin hörmət və ehtiraml yad olunur.
Allahverdiyeva Tomris,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllim