“Dilimiz çox zəngin və ahəngdar dildir. Dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm .”
Ulu Öndər Heydər Əliyev
Hər xalqın, hər millətin dili onun ana dili adlanır. Doğma dilimiz Azərbaycan dili öz gözəlliyi, öz zənginliyi ilə həmişə seçilmişdir. Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvələrə qalxaraq beynəlxalq nüfuz qazanması xalqın böyük övladlarının adı ilə bağlıdır. Dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, siyası xadımlərin müstəsna rolu olur. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlər cərgəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adı öz yüksək və layiqli yerini tutur.
Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol alması, zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi görkəmli dövlət başçısı Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti, müdrik və uzaqgörən dil siyasəti ilə bağlıdır. O, 60-cı illərin sonundan ardıcıl milli dil siyasəti işləyib hazırlamış bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata keçirmişdir. Heydər Əliyevin siyasi müdrikliyi 70-ci illərin 2-ci yarısında Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının hazırlanması və qəbulu zamanı özünü bir daha göstərdi-.u zaman Moskvanın, eləcə də Moskvaya xidmət edən qüvvələrin müqavimətinə baxmayaraq respublikanın rəhbəri böyük iradə nümayiş etdirib konstitusiyaya dövlət dili ilə əlaqədar xüsusi maddə salınmasına nail oldu. Heydər Əliyev çox gözəl bilirdi ki, həmin maddənin qəbul edilməsi ilə dərhal müxtəlif sahələdə, xüsusi ilə dövlət idarəçiliyi sistemində Azərbaycan dilinin tam hökmranlığına nail olmaq mümkün deyil, bunun üçün müəyyən vaxt və milli iradə lazımdır. Moskvanın ciddi müqavimətinə baxmayaraq Azərbaycanın rəhbəri Heydər Əliyevin Azərbaycan SSR konstitusiyasına dövlət dili barədə ayrıca maddənin daxil edilməsi uğrunda mübarizədə qalib gəldi. 1978-ci il aprelin 2-də Konstitusiya layihəsi ilə əlaaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını təklif etdi. Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı xalqımız tərəfindən rəğbətlə qarşılandı.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı məsələsini diqqətdə saxladı. 1995-ci ildə Azərbaycan Respublikasının konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. 2001-ci il iyunun 18-də dahi şəxsiyyət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Tarixi əhəmiyyətə malik bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Ulu Öndər 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili günün təsis edilməsi haqqında” fərman imzaladı. Həmin fərmana əsasən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir. Məhz bu fərmandan sonra respublikada bütün yazılı sənədlər latın qrafikası ilə aparılır.
Heydər Əliyev həmişə Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin yüksəldilməsinə çalışmışdır. Ulu öndər şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 30 sentyabr 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında “qanun təsdiq olundu.Bu sənədə əsasən dövlətimiz Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini, qorunmasının, tətbiqi və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarınin Azərbaycan dili ilə bağlı milli-mədəni özünü ifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Ümumilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi dövlət başçısının təşəbüssü ilə baş tutur. Dövlət başçısı Azərbaycan dili ilə bağlı müxtəlif fərmanlar imzalayır. Bu fərmanlar Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”
İham Əliyev
Bayramova Sevinc,
Xəzər rayonu, 216 nömrəli məktəbin müəllimi