
Almaniya Silahlı Qüvvələri (Bundesver) qarşıdakı illərdə hücum dronlarından ibarət altı bölmənin yaradılmasını planlaşdırır.
“Globalnews”.az “Tagesschau” xəbər xidmətinə istinadən xəbər verir ki, bu barədə Bundesverin Quru Qoşunlarının inspektoru general-leytenant Kristian Froydinq məlumat verib. O, ortamənzilli ilk batareyanın 2027-ci ilədək hazır vəziyyətə gətirilməsinin, 2029-cu ilə qədər isə daha beş batareyanın yaradılmasının planlaşdırıldığını qeyd edib.
Hazırda Bundesver döyüş meydanı üzərində dövrə vurub daha sonra hədəfə yönələn hücum dronlarını sınaqdan keçirir. Həmçinin 2029-cu ilədək genişmənzilli silah sistemləri ilə təchiz olunmuş ayrıca bir bölmənin də yaradılması planlaşdırılır.
General K.Froydinq bildirib ki, gələcəkdə döyüş meydanı bir-biri ilə əlaqəli və məlumatyönümlü, asimmetrik, tam şəffaf və süni intellekt tətbiqləri tərəfindən formalaşdırılan məkan olacaq. Məlumat isə əsas resursa – praktiki olaraq döyüş sursatına çevriləcək. O, gələcək müharibələrdə müdafiə sistemlərinin əsl rəqabətinin yaşanacağını bildirib.



