AnalitikaGündəm

Ağdam rayonunda yenidən qurma və bərpa işləri aparılmaqdadır

Ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayon Ağdam oldu. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşdü. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd-yuvalarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam sovet ordusuna arxalanaraq bununla kifayətlənməyib Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi.

Beləliklə, 1993-cü il iyulun 23-də Ermənistan hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə yeksan edildi. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər uşaq və böyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək, bununla da bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərindən birini törətdilər. Bu döyüşlərdə qəhrəman ağdamlılar son ana qədər döyüşdülər.

1996-cı ildə Ağdam ictimaiyyəti ilə görüşündə Ümummilli lider Heydər Əliyev rayonun işğalına belə münasibət bildirmişdi: “Ağdam şəhəri heç vaxt işğal oluna bilməzdi. 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan təcavüz – ilk atışmalar, ilk qığılcım, təcavüzün ilk addımları məhz Ağdama tərəf yönəldilmişdi. Bu da təbiidir, çünki Dağlıq Qarabağa gedən yolların hamısı Ağdamdan keçir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan ermənilər Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanlarının nə qədər dəyanətli, nə qədər cəsarətli olduqlarını da yaxşı bilirdilər. Strateji nöqteyi-nəzərdən isə Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam, şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi. 1992-ci ilin sentyabrında Abdal-Gülablı kəndinin işğal olunması, ondan sonra da rayonun digər kəndlərinə hücumlar, Ağdama qarşı yönəldilmiş təcavüzkar planlar, nəhayət, Ağdam şəhərinin işğalına gətirib çıxardı”.

Nəhayət, 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsinin sonunda həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi ilə dünya ictimaiyyətini heyran qoyan Ali Baş Komandanımızın düşmənə əvvəldən şərt qoyduğu məsələlər reallığa çevrildi. Düşmən kapitulyasiya aktına – üçtərəfli bəyanata imza çəkərək Ağdam, Kəlbəcər və Laçını öz əlləri ilə Azərbaycana təslim edəcəyini bildirdi. Məhz noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etdi. Hal hazırda Ağdam rayonunda yenidən qurma və bərpa işləri aparılmaqdadır. İnanırıq ki, rayon yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf  etdiyi  rayonlardan birinə çevriləcək.

Arzu Cəfərova,
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button