8 Noyabr Zəfər tariximiz!
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı.
Prezident Cənab İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz töhfəsini verdi. Xalqımızın lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi tarixi qələbənin təmin edilməsində mühüm rol oynadı.İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı.
2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz sıldırım dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi.
Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi sona çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq. Düşmənin “məğlubedilməz ordu” mifini darmadağın edən, döyüş meydanında düşmənə dərs keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə, xalqın yaddaşına əbədi həkk olunub. Gələcək nəsil də bu igid və qəhrəman övladlarımızla fəxr edərək onlardan nümunə götürəcəklər. Bu Qələbə yalnız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. 44 günlük müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı ərazi bütövlüyümüz uğrunda canını qurban verdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. 2023-cü il sentyabrın 19-da Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğu tarixin tozlu səhifələrinə atıldı, suverenliyimiz tam bərpa edildi.
Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu artıq başa çatmaq üzrədir. Şuşada, Cıdır düzündə 27 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in inşasına başlanması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığını göstərir.
Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa, həmçinin azad edilmiş bütün ərazilər nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Artıq dörd ildir ki, biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.
Qasımov Ayməddin,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi