AnalitikaGündəmOrdu

8 Noyabr – Zəfər Günü: qəhrəmanlıq və qürur günü

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən şanlı günlərdən biri – 8 Noyabr – Zəfər Günü bu gün böyük fəxarət və qürur hissi ilə qeyd olunur. Bu tarix, Azərbaycanın ərazi bütövlüyünün bərpası, 30 ilə yaxın davam edən işğalın sona çatması və xalqımızın milli iradəsinin, birliyinin, döyüş ruhunun təntənəsi kimi əbədiləşib.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad edib, xalqımıza qələbə sevinci bəxş edib. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması Zəfərimizin rəmzinə çevrilib və məhz bu səbəbdən həmin tarix ölkə başçısının Sərəncamı ilə Zəfər Günü kimi qeyd olunur.

Şuşanın azad edilməsi təkcə hərbi uğur deyildi – bu, milli kimliyimizin, mənəvi dəyərlərimizin və dövlətimizin qüdrətinin təntənəsi idi. Azərbaycanın hər bir vətəndaşı bu zəfərdə öz payını hiss edir: ön cəbhədə döyüşən əsgərdən tutmuş arxa cəbhədə çalışan müəllimə, həkimə, könüllüyə qədər hər kəs bu tarixi qələbəyə öz töhfəsini verib.

Zəfər Günü həm də şəhidlərimizin əziz xatirəsini anmaq, onların müqəddəs ruhu qarşısında baş əymək günüdür. Bu gün biz xalq olaraq bir daha sübut etdik ki, azadlıq və ədalət uğrunda mübarizə ruhu Azərbaycan xalqının qanında, yaddaşında və iradəsində yaşayır.

Bu möhtəşəm qələbə Azərbaycanın regionda və dünyada nüfuzunu daha da artırdı. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri geniş vüsət aldı, Böyük Qayıdış proqramı reallaşmağa başladı. Bu, həm iqtisadi, həm də mənəvi baxımdan yeni bir mərhələnin başlanğıcıdır.
Zəfər Günü hər il xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və şəhidlərimizə sədaqətin simvolu kimi qeyd olunur. Bu gün – Azərbaycanın Zəfər salnaməsinin ən parlaq səhifəsidir.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button